REGİONLAR


"Quş qripi"nə görə aparılan növbəti monitorinq başa çatıb

Bakı, 18 yanvar, AZƏRTAC

"Quş qripi" xəstəliyinə görə yanvarın 14-dən başlayan növbəti monitorinq başa çatıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən (DBX) AZƏRTAC-a bildirilib ki, monitorinq DBX-nin, Qida Təhlükəsizliyi Agentliyinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə köçəri quşların payız miqrasiyası nəzərə alınaraq Abşeron yarımadası, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda aparılıb.

Monitorinq keçirilən müddətdə Dövlət Baytarlıq Xidmətinin əməkdaşları seçmə üsulla ovlanmış 32 baş (Pirallahı adasındakı Abşeron Milli Parkından 8 baş, Şabran rayonundakı Ağzıbir ovçuluq təsərrüfatindan 5 baş, Salyan rayonundakı Şirvan Milli Parkından 3 baş, Lənkəran rayonundakı Qızılağac Dövlət Təbiət Qoruğundan 8 baş, Ağcabədi rayonundakı Ağ göl Milli Parkından 8 baş) köçəri quşdan patoloji material, həmçinin Abşeron, Şabran, Salyan, Masallı, Kürdəmir, Samux, Sabirabad, Yevlax, Saatlı, Biləsuvar, Lənkəran, Ağcabədi rayonlarındakı və Mingəçevirin şəhərətrafı ərazilərində yerləşən şəxsi və quşçuluq təsərrüfatlarında saxlanılan 556 baş ev quşundan qan nümunələri götürüblər.

Köçəri quşlar üzrə monitorinq aparılan ərazilərdə xəstə və xəstəlikdən tələf olan quşlara rast gəlinməyib, eləcə də təsərrüfatlarda saxlanılan quşlar arasında hər hansı iti yoluxucu xəstəlik qeydə alınmayıb.

Götürülmüş patoloji materiallar və qan nümunələri Qida Təhlükəsizliyi İnstitutunun Milli İstinad Laboratoriyasında müayinə olunacaq və nəticələr ictimaiyyətə açıqlanacaq.

Dövlət Baytarlıq Xidməti əhaliyə və quşçuluq təsərrüfatı rəhbərlərinə tövsiyə edir ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları qapalı şəraitdə baytarlıq-sanitariya qaydalarına uyğun saxlanılsın. Həmçinin heyvanlarda (mal-qara, quşlar, balıqlar, arılar və s.) özbaşına müalicə, peyvəndləmə və digər baytarlıq tədbirləri aparılmasın. Heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılsın.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.