İQTİSADİYYAT
"Şəbəkə" xidmət mərkəzlərinin fəaliyyətə başlamasının 1 ili tamam olur
Bakı, 10 fevral, Elvira Məmmədova, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə yaradılan “Şəbəkə” xidmət mərkəzlərinin fəaliyyətə başlamasının 1 ili tamam olur.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə ötən müddət ərzində görülən işlər diqqətə çatdırılıb.
Bildirilib ki, “Şəbəkə” mərkəzlərinin yaradılmasında məqsəd yüksək standartlara uyğun xidmət göstərilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, əlavə vaxt itkisinin qarşısının alınması, şəffaflığın təmin edilməsi və bürokratiya hallarının aradan qaldırılmasıdır.
Məlumat verilib ki, ilk “Şəbəkə” 2017-ci il fevralın 10-da istifadəyə verilib. Yaradılan müasir xidmət mərkəzlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlər vahid məkanda cəmləşib. “Şəbəkə” mərkəzlərində əhaliyə ənənəvi telekommunikasiya və poçt xidmətlərindən başqa, bank-maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri də göstərilir.
Hazırda respublika üzrə 6 “Şəbəkə” xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan 4-ü Bakıda, digər 2-si Cəlilabad və Zaqatala şəhərlərində yerləşir. Yaxın günlərdə paytaxtın Yasamal rayonunda daha bir, Sumqayıt şəhərində isə ilk “Şəbəkə” xidmət mərkəzi açılacaq. “Şəbəkə” xidmət mərkəzlərinin Bakının bütün rayonlarını əhatə etməsi üçün tədbirlər görülür. Növbəti mərhələdə “Şəbəkə” mərkəzlərinin respublikanın digər ərazilərində də yaradılması istiqamətində işlər davam etdiriləcək. Eyni zamanda, “Şəbəkə” mərkəzlərində lokal və beynəlxalq ödəniş kartlarının, icbari sığorta, elektron imza, zərf, marka, açıqca və aviabiletlərin satışı, pulköçürmələri, büdcə, kommunal, İpoteka və Kredit Zəmanət Fondu üzrə ödənişlər, mobil cihazların qeydiyyatı həyata keçirilir.
Vurğulanıb ki, mərkəzlərdə müştərilər həm də xüsusi özünəxidmət terminallarından istifadə edə bilirlər. “EgovPay”- ödəniş sistemi vasitəsilə kommunal, mobil, rabitə və bir çox digər xidmətlər üzrə ödəniş etmək mümkündür.
Qeyd edək ki, vətəndaşlara fasiləsiz olaraq həftə içi hər gün, həmçinin şənbə və bazar günləri xidmət göstərilir. “Şəbəkə”yə məxsus “123” saylı “Çağrı mərkəzi” isə həftə içi 8:00-dan 20:00-dək, şənbə günü 9:00-dan 19:00-dək, bazar günü isə 9:00-dan 18:00-dək daxil olan bütün sorğuları qəbul edir.