REGİONLAR
"Şəhərdən Kəndə" layihəsinin iştirakçısı: Kənddə istirahət çox zövqlü və maraqlıdır
“Aqrar Tədarük və Təchizat” ASC ilə AZƏRTAC-ın birgə layihəsi: “Aqroturizm”
Bakı, 7 oktyabr, AZƏRTAC
İlk dəfə Avropada yaranmasına baxmayaraq, aqroekoturizm hazırda bütün dünyada inkişaf etməkdə olan sahədir. Aqroekoturizmə gündən-günə marağın artmasının bir səbəbi urbanizasiya prosesidirsə, digər səbəbi insanların artıq alternativ turizmə üstünlük verməsidir. Alternativ turizm sahəsi olan aqroekoturizm turistlərə fermer təsərrüfatlarına səyahət, fermalarda qonaqlama, təbii kənd məhsulları ilə qidalanma və ən əsası təbiət qoynunda istirahət imkanı verir.
Sevindirici haldır ki, bu sahə ölkəmizdə də inkişaf etməkdədir. Azərbaycanda aqroekoturlar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrar Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "Şəhərdən Kəndə" layihəsi çərçivəsində həyata keçirilir. Layihənin əsas məqsədi yerli və xarici turistləri ölkəmizin gözəl guşələri ilə tanış etmək, tur iştirakçılarına kənd həyatını yaşatmaq və regionlardakı əhalinin sosial rifahının yüksəlməsində pay sahibi olmaqdır.
AZƏRTAC xəbər verir ki, ATT cəmiyyətimizin aqrar savadlılığının artırılması və insanların "Şəhərdən Kəndə" layihəsində iştirakını stimullaşdırmaq məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Bu cür tədbirlərdən biri isə ötən həftə baş tutan müsabiqə idi. Müsabiqənin qalibi bir günlük "Şəhərdən Kəndə" turu ilə mükafatlandırılıb.
Müsabiqənin qalibi Vüqar Hüseynov iştirak etdiyi İsmayıllı turu haqqında təəsüratlarını bölşürərək deyib: “Mən "Şəhərdən Kəndə"nin İsmayıllı turunda iştirak etmək hüququnu “105 FM” radiosundakı müsabiqədə qalib gəlməklə qazandım. Beləliklə, dostumla birgə İsmayıllının Təzəkənd kəndində olduq və çox xoşuma gəldi. Kənddə istirahət çox zövqlü və maraqlıdır. Eyni zamanda, təbiətdə bu mövsümə xas yeniliklərlə tanış oldum. Bu tur təbiət qoynunda istirahət etməyimə və kənd təsərrüfatı sahəsində biliklərimi artırmağa imkan verdi. Hamını bu fürsətdən istifadə etməyə dəvət edirəm. İnanın ki, siz unudulmaz xatirələr əldə edəcəksiniz”.