İQTİSADİYYAT
"Silk Way Helicopter Services" və "Vertolyotı Rossii" Azərbaycanda birgə servis mərkəzi yaratmaq niyyətindədir
Bakı, 27 sentyabr, AZƏRTAC
Sentyabrın 27-də Bakıda keçirilən “ADEX 2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisi çərçivəsində "Silk Way Helicopter Services" (SWHS MMC) kommersiya helikopter şirkəti və Rusiyanın "Vertolyotı Rossii" vertolyot holdinqi Niyyət Sazişi imzalayıblar.
AZƏRTAC xəbər verir ki, sənədi "Silk Way Helicopter Services" şirkətinin baş direktoru Azər Sultanov və "Vertolyotı Rossii" SC-nin baş direktorunun müavini İqor Çeçikov imzalayıblar.
Sazişə əsasən, Azərbaycanda vertolyotlara, o cümlədən Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının balansında olan vertolyotlara texniki xidmət və əsaslı təmir üzrə servis mərkəzi yaradılacaq.
"Silk Way Helicopter Services" şirkəti Azərbaycanın ən müasir aviasiya müəssisələrindən biridir. Aviaşirkətin vertolyotları hər il 50 mindən artıq sərnişin daşıyır. Hazırda şirkətin Zabrat aeroportunda yerləşən hava gəmiləri parkına Sikorsky S-92A, Leonardo Helicopters AW139, Airbus Helicopters AS-332L1, Airbus Helicopters EC-155B1, Ми-8МТВ-1, Ми-8АМТ¸ həmçinin Cessna 172S tipli təyyarələr daxildir.
"Vertolyotı Rossii" vertolyot holdinqi - Rusiyada vertolyotların yeganə istehsalçısı, eləcə də dünyada müasir mülki və hərbi vertolyotların layihələndirilməsi, istehsalı, sınağı və texniki xidmət imkanlarına malik azsaylı şirkətlərdən biridir. “Vertolyotı Rossii” holdinqi “Rostex” Dövlət Korporasiyasının strukturuna daxildir.