DÜNYA


"Sinopharm" peyvənd istehsalı gücünü illik 1 milyard dozaya çatdıracaq

Pekin, 22 fevral, AZƏRTAC

Çinin iki ən iri vaksin istehsalçılarından olan "Çin milli əczaçılıq qrupu" ("Sinopharm") COVID-19 virusu əleyhinə peyvənd istehsalı gücünü illik bir milyard dozaya çatdıracaq.

AZƏRTAC xəbər verir ki, bunu şirkətin rəhbəri Liu Cincen Çin Mərkəzi Televiziyasına müsahibəsində deyib. "Sinopharm"ın mütəxəssislərinin COVID-19 virusu əleyhinə hazırladıqları inaktiv peyvəndin ölkədə kütləvi istehsalına icazə verildiyini söyləyən Liu Cincen bildirib ki, indiyədək şirkətin istehsalı olan 34 milyon doza peyvənd Çində istifadə olunub, təxminən 10 milyon doza isə xarici ölkələrə göndərilib.

"Bizim Pekindəki əsas vaksin istehsalı müəssisəmizin illik peyvənd buraxılış gücü cari il üzrə bir milyard dozaya çatacaq", - deyən şirkət rəhbəri əlavə edib ki, bu rəqəm bazarı təchiz etməyə imkan verəcək. O, şirkətin tabeliyindəki "Uxan bioloji məhsullar institutu"nda da vaksin istehsalı üçün müvafiq dövlət qurumlarından müsbət cavab alınacağı təqdirdə, müəssisənin ildə 100 milyon doza peyvənd istehsal edə biləcəyini deyib.

Qeyd edək ki, Avropa, Asiya və Latın Amerikasından təxminən 40 ölkə Çin istehsalı olan 500 milyon dozadan çox COVID-19 peyvəndini sifariş ediblər. "Sinopharm" və "Sinovac" şirkətlərinin istehsalı olan peyvəndləri fövqəladə istifadə üçün təsdiq edən ölkələrdən Türkiyə, Pakistan, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Serbiya, Macarıstan, İndoneziya, Braziliya və s. artıq bu vaksinlərin tətbiqinə başlayıb. Yanvarın 18-dən Azərbaycanda COVID-19 virusuna qarı başlayan vaksinasiya prosesində isə Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" peyvəndindən istifadə olunur. Hər 2 şirkətin istehsalı olan peyvəndlər təsirsiz hala gətirilmiş (inaktivləşmiş) vaksinlərdir. Bu peyvəndlərin hazırlanmasında orqanizmdə ciddi xəstəliyə və ya əks-təsirə səbəb olmadan bədənin immunitet sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə olunub. "Sinovac" şirkəti də bir müddət əvvəl açıqlama yayaraq, СOVID-19 virusu əleyhinə peyvənd istehsalı gücünü illik bir milyard dozaya çatdıracağını bəyan edib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.