CƏMİYYƏT
"Sinovac" COVID-19 virusuna qarşı illik peyvənd istehsalı gücünü 1 milyard dozaya çatdıracaq VİDEO
Pekin, 22 yanvar, AZƏRTAC
Çinin "Sinovac Biotech" şirkəti COVID-19 virusuna qarşı peyvəndə olan yerli və xarici tələbatı ödəmək üçün illik vaksin istehsalı gücünü 1 milyard dozaya çatdıracaq.
AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin idarə heyətinin sədri İn Veydon açıqlama verib. O, fevralda ikinci istehsal xəttinin istifadəyə verilməsi nəticəsində yeni növ koronavirusa qarşı olan "CoronaVac" peyvəndinin illik istehsal gücünü 1 milyarda çatdırmağın mümkün olacağını deyib.
İn Veydon bir neçə xarici ölkədə də "CoronaVac"ın istehsalının təşkili istiqamətində iş aparıldığını bildirib.
Qeyd edək ki, "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" peyvəndinin Çin, Türkiyə, İndoneziya, Braziliya, Çili və bir neçə başqa ölkədə tətbiqinə icazə verilib. Yanvarın 18-də Azərbaycanda başlayan COVID-19 virusuna qarşı vaksinasiya prosesində də məhz "Sinovac"ın peyvəndindən istifadə olunur. Təsirsiz hala gətirilmiş (inaktivləşmiş) bu peyvəndin hazırlanmasında orqanizmdə ciddi xəstəliyə və ya əks-təsirə səbəb olmadan bədənin immunitet sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə olunub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin