CƏMİYYƏT
"TOPs" layihəsi çərçivəsində idman festivalı keçirilib
Bakı, 17 may, AZƏRTAC
Mayın 17-də "TOPs – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması" layihəsinin beşinci mövsümündə Bakı şəhərinin Xətai rayonundakı 269 saylı tam orta məktəbdə idman festivalı keçirilib. Festival ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilib.
AZƏRTAC xəbər verir ki, layihə Təhsil Nazirliyi, "British Council" Azərbaycan təşkilatı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və "İnkişaf Naminə İdman" İctimai Birliyinin birgə əməkdaşlığı ilə 2014-cü ildən həyata keçirilir.
Layihənin məqsədi fiziki tərbiyə müəllimlərinin nəzəri bilikləri və praktiki peşə bacarıqlarını "TOPs" metodikası vasitəsilə zənginləşdirməklə daha maraqlı və rəngarəng tədris prosesi təşkil etməkdir. Bununla da ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin hərəki bacarıqlarını inkişaf etdirən əlverişli mühitin yaradılmasına və onların təhsil aldıqları müddətdə fiziki-psixoloji sağlamlığının qorunmasına nail olmaqdan ibarətdir.
İdman festivalında rayonun 269 və 27 saylı məktəblərində təhsil alan
150 nəfərə yaxın şagird iştirak edib. Şagirdlər müxtəlif idman fəaliyyətlərində fiziki və liderlik bacarıqlarını nümayiş etdirib, musiqili əyləncəli proqramlarla çıxış ediblər.
Festivalın qalib və mükafatçılarına diplom və kuboklar təqdim edilib.
Mükafatlandırma mərasimində çıxış edən 269 nömrəli tam orta məktəbin direktoru Alla Vəzirova deyib: "Məktəbimiz idman ənənəsi ilə seçilir. "TOPs" layihəsinə cəlb olunduqdan sonra idman sahəsində böyük uğurlar qazanmışıq. Artıq məktəbimizin oğlanlardan ibarət basketbol komandası ardıcıl iki ildir respublika çempionu olaraq ölkəmizi məktəblər arasında keçirilən dünya çempionatında təmsil edib. Bu tədris ilində isə qızlardan ibarət voleybol komandamız ölkə çempionu kimi ölkəmizi dünya çempionatında təmsil edib. Bütün bunlar məktəbimizdə düzgün qurulmuş fiziki tərbiyə prosesinin nəticəsində əldə olunub. "TOPs" təlimlərindən yararlanmış fiziki tərbiyə müəllimlərimiz işlərini daha peşəkar səviyyədə qurur ki, bu da şagirdlərimizin həm fiziki cəhətdən sağlam inkişafına, həm də ölkəmizə layiqli vətəndaşlar kimi yetişmələrinə müsbət təsir göstərir".
Xatırladaq ki, Azərbaycanda "TOPs" proqramının tətbiqinə 2014-cü ildə pilot layihə kimi start verilib. 2014-2019-cu illəri əhatə edən dövrdə 600 nəfərə yaxın fiziki tərbiyə və ibtidai sinif müəllimi yerli və xarici mütəxəssislər tərəfindən təlimlərə cəlb olunaraq sertifikat alıb.