REGİONLAR
"Təhsil avtobusu" Qubada VİDEO
Quba, 16 iyul, Elxan Yusifli, AZƏRTAC
İyulun 16-da Qubada "Azərbaycan üçün Öyrət" təhsil proqramı çərçivəsində həyata keçirilən "Təhsil avtobusu" yay məktəbinə start verilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə layihənin tərəfdaşlarının nümayəndələrinin iştirakı ilə açılış mərasimi keçirilib. Bildirilib ki, iyulun 13-dən 21-dək davam edəcək "Təhsil avtobusu" yay məktəbi Lənkəran, Quba, Şəki və Gəncə şəhərlərini əhatə edən təhsil marafonudur. Yay məktəbi zamanı müəllim, təlimçi ekspert və ictimai simalardan ibarət xüsusi heyət "Təhsil avtobusu"nda qeyd olunan şəhərlərə səyahət edəcək. Bu bölgələrdə akademik göstəriciləri zəif olan məktəblərin şagirdləri üçün iki günlük yay məktəbi təşkil olunacaq. Yay məktəbi çərçivəsində şagirdlər dərslər, fərdi inkişaf təlimləri və intellektual yarışlarda iştirak edəcəklər.
Diqqətə çatdırılıb ki, "Azərbaycan üçün Öyrət" təhsil proqramı "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq, ümumi təhsil məktəblərində keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edən təhsil platformasıdır. Proqramın məqsədi korporativ sosial məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, əlavə təhsil imkanları ilə şagirdlərin bilik və dünyagörüşünün artırılmasıdır.
Açılış mərasimindən sonra layihənin icrasına start verilib. Ümumilikdə, Qubanın beş və Bakının isə dörd məktəbindən olan akademik göstəriciləri zəif 75 şagird üçün "Sağlam təhsil!", "Azərbaycan üçün oxu!", "Emosional zəka", "Özünə kömək et!", "Bisnesmenəm!", "Səndən nə asılıdır?", “Sistemi qur!” adlı təlimlər və "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilib. Təlimlər və oyunlarda fəal iştirak edən şagirdlər sertifikatla təltif olunublar.
Layihə Təhsil Nazirliyi ilə “Kapital Bank”ın tərəfdaşlığı, "İstək liseyi", "Şərq-Qərb" Nəşriyyat Evi, STEM təhsil mərkəzi, GR8 Şəxsi İnkişaf Proqramı, Azərbaycan İntellektual Klublar Assosiasiyası, "Youthİnc", Gənclərin Sahibkarlıq proqramı, SABAH qrupları və "Bir" Tələbə-könüllü proqramının dəstəyi ilə həyata keçirilir.
Layihə çərçivəsində ilk təlimlər Lənkəran şəhərində təşkil edilib. "Təhsil avtobusu" yay məktəbinin növbəti ünvanı isə Şəki şəhəri olacaq.