CƏMİYYƏT


"The Tribune" nəşri: Azərbaycanın yürütdüyü çoxvektorlu xarici siyasət müstəqil dövlət quruculuğu prosesinin uğurlarından biridir

Bakı, 15 iyun, AZƏRTAC

"The Tribune" nəşrində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Esmira Cəfərovanın Azərbaycanın çoxvektorlu xarici siyasətinin uğuru” sərlövhəli məqaləsi dərc olunub.

Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məqalədə Azərbaycanın həyata keçirdiyi çoxvektorlu xarici siyasət müstəqil dövlət quruculuğu prosesinin uğurlarından biri olduğu qeyd olunur. Bildirilir ki, Azərbaycanın balanslı və çoxvektorlu xarici siyasət yürütməklə bağlı seçimini tamamilə dərk etmək üçün əhalisi müsəlman olan, Rusiya və İran kimi regional güclər arasında yerləşən, müstəqil postsovet respublikası olmağın reallıqlarını, çətinliklərini və perspektivlərini, habelə beynəlxalq səviyyədə tanınmış ərazilərinin on illərdir davam edən işğalını başa düşmək lazımdır. “Azərbaycanın xarici siyasətini qlobal, Avroatlantik, İslam dəyərlərini təmsil edən regional və qlobal təşkilatlarla əməkdaşlığa açıq olması da formalaşdırıb. Dinin dövlətdən ayrı olması, yəni İslam ənənələrinə malik dünyəvi bir dövlət qurmağa müvəffəq olması da fərqli və ya eyni inanclı ölkələr arasında Azərbaycanın müttəfiq seçiminə təsir edib”, - deyə müəllif vurğulayır.

Bildirilir ki, Azərbaycanın praqmatik xarici siyasətinin əsasları ümummilli lider Heydər Əliyev tərəfindən 1990-cı illərin əvvəllərində qoyulub. Bu gün bu çoxvektorlu və ya balanslaşdırılmış xarici siyasət strategiyası Azərbaycanı dünyada tanıdır. Bəlkə də o illərdə Azərbaycanın regional və xarici aktorlar arasında tarazlığı təmin edəcəyinə inanmaq çətin olardı. Lakin əsası Heydər Əliyev tərəfindən qoyulmuş və hər kəslə öz milli maraqlarına əsaslanan münasibət qurmağa yönəlmiş çoxtərəfli xarici siyasət kursu o vaxtdan bəri Azərbaycan üçün uğurlu xarici siyasət istiqaməti olaraq qalıb.

Qeyd olunur ki, mürəkkəb qonşuluq şəraiti və sovet imperiyasının hökmranlıq tarixi Azərbaycanı İslamın digər dinlərlə görüşdüyü, Şərqin Qərblə qovuşduğu misilsiz məkana çevirib. Üstəlik, müstəqilliyinin ilk günlərindən etibarən Azərbaycan digər İslam ölkələri ilə kifayət qədər sıx əlaqələr quraraq İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fəal üzvü olub. Lakin bu əməkdaşlıq Azərbaycanın Qərb tərəfdaşları, xüsusən də Avropa İttifaqı və NATO ilə qarşılıqlı faydalı əməkdaşlıq və praqmatik tərəfdaşlıq qurmasına mane olmayıb. Azərbaycan çoxvektorlu xarici siyasətini ardıcıl şəkildə davam etdirir. Azərbaycan region dövlətləri ilə mehriban qonşuluq münasibətlərini inkişaf etdirməyi və tərəfdaşları ilə qarşılıqlı münasibətlərdə düzgün tarazlığı təmin etməyi prioritet olan praqmatik xarici siyasət xəttinə sadiqdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.