SİYASƏT


"Wikipedia.org" ensiklopediyasının Azərbaycana dair özbəkdilli versiyası yaradılır

Daşkənd, 31 mart, АZƏRTAC

Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə 2016-cı ildən "Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyasının (BEE) Azərbaycan ilə bağlı özbək dilində versiyası yaradılır.

AMM-nin direktoru Samir Abbasovun bildirdiyinə görə, 2016-cı ildə "Wikipedia.org"da aparılan monitorinq nəticəsində aşkar edilib ki, bu informasiya bazasında Azərbaycana dair özbək dilində məlumatlar olduqca az, demək olar yox səviyyəsindədir.

S.Abbasov Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə bununla bağlı təkliflə çıxış edib və nazirlik BEE-nin Azərbaycana dair özbək bölməsinin yaradılması təklifini müsbət qarşılayıb. Beləliklə, Mədəniyyət Mərkəzi bu böyük layihəyə start verib.

Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən bununla əlaqədar xüsusi komissiya yaradılıb, özbək dilinə tərcümə ediləcək materiallar müəyyənləşdirilib və sistemləşdirilib, tərcüməçilər Usman Kuçkar, Rüstəm Cabbarov və Şəhla Qasımova ilə materialların orijinaldan özbək dilinə tərcümə edilməsinə dair razılıq əldə olunub və bu istiqamətdə artıq işlərə başlanılıb.

Materiallar hazır olduqdan sonra BEE-də özbək dili üzrə yaradılan bölmələrə daxil edilir.

Aparılan iş öz artıq nəticəsini verir. BEE-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, Prezident İlham Əliyev, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva, Heydər Əliyev Fondu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xankəndi, Şuşa şəhərləri, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti, ermənilərin Qarabağa köçürülməsi, İrəvan şəhəri, İrəvan Dövlət Dram Teatrı adlı bölmələr yaradılıb, yeni məlumatlar və şəkillərlə zənginləşdirilib.

Hazırda Azərbaycan tarixi ən qədim dövrlərdən müasir dövrlərədək, xüsusilə müstəqillik illəri, Zəngəzur, Qarabağın etimologiyası, Xocalı şəhəri, Laçın, Kəlbəcər, Ağdam rayonları, Xocalı soyqırımı, azərbaycanlıların öz tarixi torpaqlarından - indiki Ermənistan ərazisindən deportasiyası, 20 yanvar, 20 noyabr, Ağdaban, Qaradağlı faciələri, ölkəmizin iqtisadiyyatı, mədəniyyəti, incəsənəti, musiqisi, şəhərləri, turizm məkanları, ədəbiyyatı, son illərdə əldə etdiyi nailiyyətlər ilə bağlı məlumatların hazırlanması üzərində iş gedir.

Son zamanlar Mədəniyyət Mərkəzinin layihəsi ilə nəşr olunan onlarla kitabın elektron versiyasının da ensiklopediyaya daxil edilməsi nəzərdə tutulur.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.