MƏDƏNİYYƏT
"Xəta və Xatirə" bədii-sənədli filminin çəkilişləri yekunlaşmaq üzrədir
Bakı, 9 aprel, AZƏRTAC
Fevral ayında çəkilişlərinə başlanılan “Xəta və Xatirə” bədii-sənədli filminin çəkilişləri yekunlaşmaq üzrədir. Film polis, həkim və müxbirin dostluğundan bəhs edir.
Bu barədə AZƏRTAC-a filmin ssenari müəllifi və rejissoru Cəlaləddin Qasımov məlumat verib.
Rejissor deyib ki, bu ekran əsəri bu gün koronavirusa qarşı mübarizədə həkimlərlə birlikdə öz həyatını təhlükəyə atan polislərin və müxbirlərin cəsarətlərinin geniş kütləyə çatdırılması məqsədilə çəkilib.
Onun sözlərinə görə, filmdə əsas rolları Xalq artisti Sabir Məmmədov, aktyorlar Əjdər Zeynalov və Rövşən Məmmədov ifa edirlər.
Ölkəmizdə tətbiq olunan karantin günlərində hər kəsə çağırış edən filmin ssenari müəllifi və rejissoru deyib: “Elmdə müalicəsi məlum olmayan koronavirus bütün dünyada sürətlə yayılır, on minlərlə insanın ölümünə yol açır. Təəssüf hissi keçirirəm ki, dünya belə bir bəla ilə üzləşib. Bu, dünya üçün çox ciddi təhlükədir. Belə çətin bir dönəmdə vətəndaşlarımız məsuliyyət dərk etməli, dövlətimizə dəstək olmalıdır, karantin qaydalarına əməl etməlidirlər”.