QAN YADDAŞI
"Xocalı soyqırımı tarixin qan yaddaşıdır" adlı rəsm sərgisi keçirilib VİDEO
Bakı, 25 fevral, Xanım Nağıyeva, AZƏRTAC
Pirallahı rayonunda yerləşən 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş "Xocalı soyqırımı tarixin qan yaddaşıdır" adlı rəsm sərgisi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərkəzin direktoru Gülarə Quluzadə Xocalı faciəsinin ağır nəticələrindən danışıb. Bildirib ki, dərnək üzvləri olan uşaqlar 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin Xocalıda törətdikləri qırğınlar barədə geniş məlumatlıdırlar. Sərginin məqsədi də bu soyqırımının insanlara, o cümlədən uşaqlara yaşatdığı acıları dərnək üzvlərinin təsviri sənət əsərləri vasitəsilə əks etdirmələridir.
Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov, Azərbaycan Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov, Xocalıdan olan Xatirə Mehrəliyeva və başqaları sərgini yüksək qiymətləndiriblər.
Sərgidə 100-dən çox rəsm nümayiş olunur. Rəsmlərdə erməni vəhşiliyi nəticəsində həlak olan, valideynlərini və ailə üzvlərini itirən uşaqların acı həyat hekayələri sərgi iştirakçılarının diqqətinə çatdırılıb.