İDMAN
"İmarət"də vurulmuş sonuncu qolun müəllifi: Stadionun açılışını və oradakı ilk oyunu səbirsizliklə gözləyirəm
Bakı, 19 sentyabr, AZƏRTAC
“Prezident İlham Əliyev ötən il Azərbaycan Kuboku çərçivəsində Xankəndi şəhərində keçirilmiş “Qarabağ” – MOİK oyunundan öncə “İmarət” stadionu ilə bağlı xoş xəbəri vermişdi. Stadionda gedən işlər barədə müəyyən məlumatlarım var idi”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin və “Qarabağ”ın sabiq futbolçusu Yaşar Hüseynov Prezident İlham Əliyevin sentyabrın 19-da Ağdam şəhərində “İmarət” stadionunun təməlini qoyması barədə danışarkən deyib.
Veteran yarımmüdafiəçi buna görə xoşbəxt olduğunu bildirib: “Möhtəşəm xəbər oldu. Ali Baş Komandanın rəhbərliyi altında qazi və şəhidlərimizin canı, qanı bahasına işğaldan azad edilmiş torpaqlarda yenidənqurma işlərini görmək qürurverici haldır. Futbol şəhəri olan Ağdamda idman obyektlərinin, stadionun inşası həmin torpağın sakini kimi məni xoşbəxt edir. Arenanın açılışını və orada keçiriləcək ilk oyunu səbirsizliklə gözləyirəm”.
Qeyd edək ki, Y.Hüseynov Ağdamdakı "İmarət" stadionunda hələlik vurulmuş sonuncu qolun müəllifidir. O, 1993-cü il mayın 12-də "Qarabağ"ın heyətində Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Turan Tovuz"la matçında fərqlənərək komandasına 1:0 hesablı qələbə qazandırıb.