SİYASƏT
Abbas Abbasov: Bakı Təşəbbüs Qrupu ilə Vahid Sen Martin Assosiasiyası arasında bu ölkəyə dəstək xarakteri daşıyan memorandum imzalanacaq
Bakı, 6 dekabr, AZƏRTAC
Bugünkü beynəlxalq konfrans Karib hövzəsində yerləşən Sen Martin Adasına həsr olunub. Sen Martin Adası 1648-ci ildə iki hissəyə bölünüb. Bu gün burada həmin ada dövlətindən olan elm adamları, millət vəkilləri, qeyri-hökumət təşkilatlarının, müxtəlif ada dövlətlərinin rəsmiləri Sen Martinin vahid xalq və vahid ərazi üçün apara biləcəyi mübarizəni müzakirə edirlər. Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə keçirilən bu konfrans onlar üçün ilk beynəlxalq platformadır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov deyib.
O, Bakı Təşəbbüs Qrupunun bu il müstəmləkədən əziyyət çəkən ölkələrə dəstək xarakteri daşıyan dördüncü memorandumu imzalayacağını deyib: "Bu memorandum Sen Martindən olan Vahid Sen Martin Assosiasiyası ilə imzalanacaq. Memorandumda, ilk növbədə, Sen Martində siyasi, iqtisadi və təsir istiqamətlərində əməkdaşlıq məsələləri nəzərə alınacaq".