ABŞ Cənubi Koreyadakı kontingentini ixtisar etmək niyyətində deyil
Bakı, 4 may, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Koreya respublikasının ərazisindəki qoşunların bir hissəsinin çıxarılması imkanlarını müzakirə etmək üçün Pentaqona müraciət ünvanlamayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Amerika liderinin milli təhlükəsizlik üzrə köməkçisi Con Boltonun mayın 4-də dərc olunan bəyanatında deyilir. ““The New York Times” qəzetinin məqaləsi tam cəfəngiyatdır. Prezident Cənubi Koreyadakı qoşun birləşməsinin sayının azaldılması barədə Pentaqona müraciət etməyib”, - deyə Bolton bildirib.
Bir qədər əvvəl “The New York Times” qəzeti Ağ evin başçısının Cənubi Koreyadakı hərbi kontingentin sayını azaltmaq niyyətinin olduğunu iddia etmişdi. Nəşrin məlumatına əsasən, hazırda ölkədəki ABŞ hərbçilərinin sayı 23,5 min nəfərdir.
Mayın 4-də Koreya Respublikası prezidentinin administrasiyası dövlət başçısının KXDR-lə sülh sazişinin imzalanacağı təqdirdə amerikalı hərbçilərin ölkədən çıxarılmasını istisna edib. Donald Tramp da öz növbəsində jurnalistlərə bildirib ki, bununla bağlı KXDR-lə heç bir danışıq aparılmır, Pxenyan bu barədə xahiş etməyib.
Xatırladaq ki, aprelin 27-də sərhədyanı Panmuncom məntəqəsində Cənubi Koreya Prezidenti Mun Ce-in və KXDR lideri Kim Çen In arasında görüş keçirilib. Bu, 10 ildən də artıq bir müddət ərzində Cənubla Şimal arasında ilk yüksək səviyyəli görüş olub. Danışıqların nəticəsinə əsasən, hər iki ölkənin lideri Koreya yarımadasının çiçəklənməsi və birləşməsi barədə müştərək sülh deklarasiyası imzalayıb.