SİYASƏT
ABŞ Dövlət Departamentində keçirilən brifinqdə Ukraynanın ərazi bütövlüyü haqqında qətnamənin əleyhinə səs vermiş Ermənistana münasibətdə ABŞ-ın mövqeyi barəsində sual verilmişdir
Vaşinqton, 2 aprel (AZƏRTAC). Aprelin 1-də ABŞ Dövlət Departamentində keçirilən brifinqdə ABŞ xarici siyasətinin bir sıra məsələləri, o cümlədən Yaxın Şərqdə sülh prosesi, Suriya, Misir ətrafında vəziyyət və s. məsələlər nəzərdən keçirilmişdir.
AZƏRTAC-ın ABŞ-dakı xüsusi müxbiri Yusif Babanlı BMT Baş Məclisində Ukraynanın ərazi bütövlüyü haqqında qətnaməyə səsvermənin nəticələri barədə sual vermişdir. O qeyd etmişdir ki, Prezident Barak Obama ötən həftə demişdir: “ABŞ və Avropa birdir, Rusiya isə təkdir”. “Lakin səsvermənin nəticələri göstərmişdir ki, Rusiya tək deyildir. Rusiyanı dəstəkləyən və ABŞ-da antiamerika siyasəti yeridən ölkələr kimi tanınan dövlətlər arasında ABŞ-ın müttəfiqi olduğunu söyləyən, amma Birləşmiş Ştatların dəstəklədiyi qətnamənin əleyhinə səs verən Ermənistan kimi ölkələr də vardır. ABŞ-ın xarici siyasətində Ermənistana münasibətdə dəyişiklik ola bilərmi?”. ABŞ Dövlət Departamentinin mətbuat katibi Mari Harf suala cavab verərək qeyd etmişdir ki, bu barədə məlumatı yoxdur. Dövlət Departamentinin nümayəndəsi vurğulamışdır: “Qətnamənin əleyhinə çıxaraq Rusiyanı dəstəkləyən cəmi 10 ölkə, o cümlədən Kuba, Şimali Koreya, Suriya, Venesuela və bu qəbildən olan ölkələr səs vermişlər. Bizə görə, səsvermədə qətnamənin qəbul olunmasını dəstəkləyən 100 ölkənin birliyi aydın şəkildə Rusiyanın pisləndiyini göstərdi”. M.Harf əmin etmişdir ki, ABŞ-ın Ermənistana münasibətdə xarici siyasətində mümkün dəyişiklikləri aydınlaşdıracaqdır.