ABŞ İrana qarşı sanksiyalara əməl etmədiyi təqdirdə Aİ-ni cəzalandıracağı ilə təhdid edib
Bakı, 28 yanvar, AZƏRTAC
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerinin mətbuat katibi Maya Kosiyançiç avropalı biznesmenlərin İranla ticarət etməsi məqsədilə Brüsselin yeni plan hazırlaması barədə bəyanat verib.
AZƏRTAC “Associated Press” agentliyinə istinadla xəbər verir ki, Birləşmiş Ştatlar administrasiyasının adı açıqlanmayan nümayəndəsinin sözlərinə görə, avropalı müttəfiqlərinin ABŞ-ın İrana qarşı sanksiyalarına əməl etməyəcəkləri təqdirdə Vaşinqton Brüsseli cəzalandıra bilər.
Brüsselin İranla ticari əlaqələrdə alternativ pul sistemindən istifadə etmək planlarının tezliklə həyata keçiriləcəyi bildirilir. Bundan başqa, Aİ-nin avropalı biznesmenlər üçün Xüsusi Təyinatlı Köçürmə Vasitəsi (SPV) sistemi yaradacağı da Vaşinqtonda narahatlığa səbəb olub. Bu sistemin beynəlxalq miqyasda qəbul olunmuş və İran banklarının bir çoxunun çıxarıldığı SWIFT şəbəkəsinə alternativ olacağı gözlənilir.
Brüsselin bu hazırlıqları ABŞ Prezidenti Donald Trampın İrana qarşı yeni sanksiyalar məsələsində Avropa liderləri, xüsusən Almaniya kansleri Angela Merkel və Fransa Prezidenti Emmanuel Makron ilə kəskin fikir ayrılıqlarından sonra başlanılıb. Aİ bildirir ki, ticari əlaqələr İranın nüvə proqramının dayandırılması müqabilində 2015-ci ildə Tehranla ABŞ və Avropa ölkələri arasında imzalanmış Fəaliyyət Planına əsasən davam etdiriləcək.