ABŞ KONQRESMENLƏRİ AZƏRBAYCAN XALQINI RESPUBLİKA GÜNÜ MÜNASİBƏTİLƏ TƏBRİK ETMİŞLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, ABŞ Konqresinin üzvləri Azərbaycan dövlətini və xalqını qarşıdan gələn Respublika günü münasibətilə təbrik etmişlər. Bunun ifadəsi olaraq, Pensilvaniya ştatından respublikaçı konqresmen Fil İnqliş və Nyu-Yorkun demokrat təmsilçisi Edolfus Tauns Nümayəndələr palatasında bəyanatlarla çıxış etmişlər.
Konqresmen İnqliş demişdir ki, sürətlə inkişaf edən gənc demokratik Azərbaycan Respublikası müstəqilliyini 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra qazansa da, bu, Azərbaycanın ikinci şansı idi. Birincisi, 1918-ci ilin mayın 28-də olmuşdur. Rusiya imperiyasında çarın devrilməsi Azərbaycanda milli hərəkatın inkişafına şərait yaratmış, azərbaycanlılar öz ərazi sərhədləri çərçivəsində demokratik respublika quraraq, dünyada müsəlman əhalili ilk dünyəvi demokratiyaya çevrilmişdilər. Müstəqillik cəmi iki il davam etsə də, bir çox işlərlə yadda qalmışdır.
Pensilvaniyalı konqresmen bildirmişdir ki, müstəqilliyini yenidən bərpa etməsi Azərbaycana asan başa gəlməmişdir. 1990-cı ilin
yanvar ayında Mixail Qorbaçov Bakıya hərbi qüvvələr göndərmişdir. Mülki əhaliyə qarşı tanklar yeridilməsi və tam silahlanmış hərbçilərin hədsiz zorakılığı 130 nəfərdən çox insanın ölümünə gətirib çıxarmışdır. Fil İnqliş vurğulamışdır ki, olduqca həssas bölgədə yerləşən Azərbaycan Avropa Şurası, BMT və ATƏT-in üzvüdür, ABŞ-ın strateji tərəfdaşıdır. Terrorizmlə qlobal mübarizədə Azərbaycan hərbçiləri ABŞ əsgərləri ilə birgə İraq və Əfqanıstanda xidmət edirlər. ABŞ Azərbaycanın müstəqilliyini 1918-ci ildə və yenidən 1991-ci ildə tanımışdır. Mən demokratik respublika və strateji tərəfdaş kimi Azərbaycanın bölgədə və dünyada liderliyini alqışlayıram. Respublika günü münasibətilə Azərbaycan vətəndaşlarını və dünyada yaşayan azərbaycanlıları təbrik edirəm.
Eyni ruhlu bəyanatla Konqresin Azərbaycan üzrə işçi qrupunun üzvü Edolfus Tauns da çıxış etmişdir. Cənab Tauns xatırlatmışdır ki, qısa ömrünə baxmayaraq, Azərbaycanda ilk demokratik respublika 1918-1920-ci illərdə dövlətçiliyin qurulması və gələcək nəsil üçün təhsil bazasının yaradılmasında əhəmiyyətli uğur qazanmışdır. Azərbaycan Qərb demokratiyalarının bir çoxundan əvvəl qadınlara səsvermə hüququ vermişdir. Lakin bütün bu uğurlara baxmayaraq, o, Sovet Rusiyasının işğalcı qüvvələrinə tab gətirə bilməmişdir. Konqresmen Tauns da 1990-cı ilin Qanlı Yanvar hadisələrini xatırladaraq, Sovet Ordusunun Bakıda dinc əhaliyə qarşı qəddarlığından bəhs etmişdir. O, daha sonra demişdir ki, indi Azərbaycan Respublikası ABŞ-ın dəyərli müttəfiqidir və terrora qarşı müharibədə Birləşmiş Ştatlara qeyd-şərtsiz dəstəyini təklif edən ilk ölkələrdən olmuşdur. Azərbaycan GUAM-ın təsisçilərindən biri və müxtəlif beynəlxalq layihələrdə iştirak etməklə regional əməkdaşlıqda aparıcı dövlətdir. Avropanın enerji təhlükəsizliyi məsələsində əsas iştirakçılardan biridir. Konqresmen Tauns ABŞ-la səmimi dostluğuna görə Azərbaycan xalqına minnətdarlığını bildirmişdir.