ABŞ-nin Nümayəndələr Palatasına Rusiyaya və İrana qarşı sanksiyaları sərtləşdirmək üçün qanun layihəsi təqdim olunub
Bakı, 11 avqust, AZƏRTAC
Bir qrup Amerika Birləşmiş Ştatları (ABŞ) konqresmeni Nümayəndələr Palatasına Rusiya və İrana qarşı sanksiyaları sərtləşdirmək üçün qanun layihəsi təqdim edib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu barədə qanunvericilər Maykl Makkol və Steni Hoyer saytlarında dərc olunmuş bəyanatlarda bildiriblər.
Sənəd ABŞ Konqresinin aşağı palatasında Makkol, Hoyer və digər 16 qanunverici tərəfindən təqdim edilib.
Oxşar qanun layihəsi ABŞ Senatında avqustun 7-də təsdiqlənib.
"The Hill" qəzetinin məlumatına görə, Nümayəndələr Palatası bu payız qanun layihəsinə səs verəcək.
Qeyd edək ki, sənəd Rusiyanın yüksək siyasi və hərbi rəhbərliyinə, dövlət şirkətlərinə qarşı məhdudiyyətləri və bu ölkənin ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyaları nəzərdə tutur. Sənədə əsasən, ABŞ Rusiya neft və qazının əsas alıcıları olan ölkələrə 100 faiz tarif tətbiq edə bilər. Bundan əlavə, İrana qarşı sanksiyaların sərtləşdirilməsi tədbirləri də nəzərdə tutulur.