CƏMİYYƏT
ABŞ Prezidentinin köməkçisi: COP29-un həqiqətən vacib və dialoqu asanlaşdıra biləcək şəkildə təşkil edildiyini gördük
Bakı, 12 noyabr, AZƏRTAC
“Çox qısa müddət ərzində biz COP29-un həqiqətən vacib və dialoqu asanlaşdıra biləcək şəkildə təşkil edildiyini gördük”.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edən ABŞ Prezidentinin köməkçisi və Ağ Evin milli iqlim müşaviri Ali Zaidi deyib. O ümid etdiyini bildirib ki, COP29 artıq qazıntı yanacaqlarından uzaqlaşmağa başlamağımızı açıq şəkildə ifadə edən Dubay konsensusunda formalaşmış inamın daha da gücləndiriləcəyi bir platformaya çevriləcək: “Ümid edirəm ki, bu, Dubayda qarşıya qoyulan bərpaolunan enerji mənbələrini 3 dəfə artırmaq hədəflərində irəliləyişin qeydə alınacağı COP tədbiri olacaq. Əminəm ki, dünya vacib ambisiyalar ətrafında birləşərək irəli addımlaya biləcək”.