ABŞ RUSİYANIN QƏBƏLƏ RLS BARƏDƏ TƏKLİFİNİ RAKETDƏNMÜDAFİƏ SİSTEMİNİN YARADILMASINA ƏNGƏL TÖRƏTMƏK CƏHDİ SAYMIR
AZƏRTAC-ın İTAR-TASS-dan aldığı xəbərə görə, ABŞ hökuməti Azərbaycandakı Qəbələ RLS-dən birgə istifadə barədə Rusiyanın təklifini, əslində, amerikalıların raketdənmüdafiə sisteminin yaradılması planlarına əngəl törətmək məqsədi ilə diplomatik fənd hesab etmir. Bunu Ağ evin mətbuat katibi Toni Snou bildirmişdir.
O, iyunun 10-da “Foks” teleşirkətinin efirində çıxışında aparıcının “Hökumət Moskvanın irəli sürdüyü təşəbbüsün raketdənmüdafiə sistemi planlarının yerinə yetirilməsini mürəkkəbləşdirmək, yaxud birdəfəlik dayandırmaq cəhdi sayırmı?” sualına qətiyyətlə “Yox!” cavabı vermişdir. Snou demişdir ki, həm ABŞ-ın, həm də Rusiyanın raketdənmüdafiə probleminə dair öz təxminləri var. Ona görə də danışıqlar masası arxasına keçib, bir-birini dinləmək vacibdir”.
Snou bildirmişdir ki, rusiyalıların “qeyri-məqbul” ölkələrin raketlərə nüvə başlığı qoymaq niyyətlərini birdəfəlik puça çıxaracaq raketdənmüdafiə sipərinin çəkilməsi yollarının axtarışından danışmaları faktı ABŞ hökumətini ruhlandırmışdır. Rusiya Prezidentinin təşəbbüsünü irəliyə doğru əhəmiyyətli addım sayan Snou demişdir: “Şübhəsiz, bu mövzu iki dövlət başçılarının iyulun əvvəlində Kennebankport şəhərində aparacaqları danışıqların tərkib hissəsi olacaqdır”.