ABŞ Salomon Koninkin tablosunu qanuni sahiblərinə qaytarıb
Bakı, 4 aprel, AZƏRTAC
Holland rəssamı Salomon Koninkin (1609-1656) 1943-cü ildə nasistlər tərəfindən oğurlanmış "Qələminin ucunu itiləyən alim" əsəri qanuni sahibinə - Fransada yaşayan kolleksiyaçı Adolf Şlossun ailəsinə qaytarılıb. AZƏRTAC xəbər verir ki, bu barədə Nyu-York ştatının Cənub dairəsi prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir: "Prokuror Ceffri Berman 1639-cu ildə çəkilmiş əsəri İkinci Dünya müharibəsindən qabaq Parisdə incəsənət əsərlərinin məşhur kolleksiyaçısı olmuş yəhudi əsilli Adolf Şlossun varislərinə qaytarıb".
ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, Fransanın alman qoşunları tərəfindən işğalından sonra A.Şlossun əsas etibarilə holland və flamand rəssamlarının əsərlərindən ibarət olan kolleksiyasından 262 tablo nasistlərin əlinə keçib. "Qələminin ucunu itiləyən alim" əsəri Adolf Hitlerin Münxendəki qərargahına gətirilib. Sonralar bu və bir çox digər əsərlər izsiz-soraqsız yoxa çıxıb. Müharibədən sonrakı bütün illər ərzində bu tablo itirilmiş sayılıb.
Əsər 2017-ci ildə üzə çıxıb. Çilili incəsənət əsərləri alverçisi tablonu Nyu-York hərracında satmağa çalışıb. Əsər ABŞ hakimiyyət orqanları tərəfindən müsadirə edilib. Həmin şəxs bildirib ki, onun atası Koninkin tablosunu 1952-ci ildə Münxendə Valter Andreas Hofer adlı bir nasistdən alıb. Hofer alman faşistləri tərəfindən işğal edilmiş ölkələrin çoxunda şəxsi kolleksiyaların qarət edilməsində bilavasitə iştirak edib.
2019-cu il martın 11-də Nyu-York məhkəməsi tablonun məcburi qaydada geri alınması və Adolf Şlossun varislərinə qaytarılması barədə qərar qəbul edib.