ABŞ SƏFİRİ AZƏRBAYCAN DİPLOMATINA ONUN ŞƏRƏFİNƏ TƏSİS OLUNMUŞ MÜKAFATI TƏQDİM ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 29-da Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri xanım Ann Ders Azərbaycan xarici işlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayevin şərəfinə təşkil edilmiş qəbulda ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafında Azərbaycan diplomatının əvəzsiz xidmətlərinin və töhfəsinin təsdiqi əlaməti olaraq bu yaxınlarda təsis edilmiş “Hafiz Paşayev adına mükafat”ı ona təqdim etmişdir.
Səfir demişdir: “Bu ildən etibarən ABŞ səfirliyi Azərbaycanın Hafiz Paşayev kimi vətəndaşlarının Amerika-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsinə verdikləri töhfəyə görə bu mükafatı onlara təqdim edəcəkdir”.
Xanım Ann Ders qeyd etmişdir ki, Hafiz Paşayev Azərbaycanın ABŞ-dakı ilk səfiri kimi 16 illik fəaliyyəti dövründə Amerika-Azərbaycan münasibətlərinin yaranmasında və inkişafında mühüm rol oynamışdır. ABŞ səfirinin sözlərinə görə, Hafiz Paşayev Qərbin gənc respublikanı dəstəkləməsini təmin etmiş və amerikalı siyasətçilərin, diplomatların və biznesmenlərin Azərbaycan haqqında daha çox məlumat əldə edə bilmələri üçün mümkün olan hər şeyi etmişdir.
Səfir qeyd etmişdir ki, Azərbaycanın ABŞ-dakı keçmiş səfiri Hafiz Paşayev Azərbaycanda təhsilin yeni modelini yaratmaq üçün Amerikanın aparıcı universitetlərinin qabaqcıl təcrübəsini tətbiq etmişdir.
Hafiz Paşayev Ann Dersə qəbul üçün təşəkkürünü bildirmişdir. O, təhsil sahəsində iki ölkə arasında münasibətlərin səviyyəsindən razı qaldığını bildirmişdir. H.Paşayev vurğulamışdır ki, Diplomatik Akademiya ABŞ universitetləri ilə sıx əlaqələr yaratmışdır.
Azərbaycanlı diplomat demişdir: “Bizim çox ciddi planlarımız vardır və Azərbaycan Prezidenti İlham Əliyev həmin planları yüksək qiymətləndirir. Ümidvaram ki, mənə həvalə edilmiş vəzifələrin öhdəsindən gələ biləcəyəm”.
Azərbaycanlı diplomat ABŞ səfirini əmin etmişdir ki, ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsi üçün bundan sonra da maksimum səy göstərəcəkdir. Nazir müavini demişdir ki, uzun illər boyu öz ölkəsini ABŞ-da təmsil etmək onun üçün böyük şərəf idi.
######
