ABŞ ŞİRKƏTLƏRİNİN DAĞLIQ QARABAĞA SƏRMAYƏ QOYMALARI İLƏ BAĞLI YAYILAN MƏLUMATLAR HƏQİQƏTƏ UYĞUN DEYİLDİR
BU SÖZLƏRİ ABŞ-IN AZƏRBAYCANDAKI SƏFİRİ RİNO HARNİŞ MİLLİ MƏCLİSDƏ QƏBULDA DEMİŞDİR
Parlamentin rəhbəri demişdir ki, ölkələrimiz arasında mehriban dostluq əlaqələri vardır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yürütdüyü siyasət münasibətlərimizin daha da genişlənməsinə şərait yaratmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin həmin siyasəti uğurla davam etdirməsi parlamentlərimiz arasında münasibətlərin inkişafını sürətləndirir. Konqresdə, Milli Məclislə əlaqələrin inkişafı ilə bağlı işçi qrupunun yaradılması və bu cür geniş tərkibdə nümayəndə heyətinin ikinci dəfə Bakıya gəlməsi əlaqələrimizin yüksələn xətt üzrə inkişaf etməsindən xəbər verir.
Sonra Murtuz Ələsgərov Azərbaycanın terrora qarşı mübarizədə rolu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, səbəbləri, nəticələri, rəsmi Bakının məsələnin həllində tutduğu ədalətli mövqeyi barədə qonaqlara ətraflı məlumat vermişdir.
Milli Məclisin sədri Cənubi Qafqazda və Azərbaycanda həyata keçirilən layihələrə göstərdiyi yardıma görə ABŞ hökumətinə minnətdarlığını bildirmişdir.
Kurt Ueldon demişdir ki, Konqresdə Azərbaycana maraq artır və bu dəfə Bakıya hər iki partiyanın nümayəndələri gəlmişdir. Səfərdən əsas məqsəd əlaqələrimizin inkişafına dair fikir mübadiləsi aparmaqdır. Biz ilin sonuna qədər Vaşinqtonda Konqreslə Milli Məclis arasında görüş keçirilməsini istəyirik. Ümid edirik ki, bu görüş baş tutacaqdır. Konqresmen antiterror əməliyyatlarında iştirakına və bu işdə ABŞ-a göstərdiyi dəstəyə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirmişdir.
Görüşdə iştirak edən ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş demişdir ki, onun ölkəsi Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını araşdırır. ABŞ-ın bəzi şirkətlərinin Dağlıq Qarabağa sərmayə qoyması barədə yayılan məlumatlara aydınlıq gətirən diplomat bu cür xəbərlərin həqiqətə uyğun olmadığını bildirmişdir.