ABŞ və Yaponiya arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib
Tokio, 30 aprel, AZƏRTAC
Aprelin 30-da Əmmanda səfərdə olan Yaponiyanın xarici işlər naziri Taro Kono və ABŞ-ın dövlət katibi Mayk Pompeo bir araya gələrək iki ölkə arasında qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Yaponiya Xarici İşlər Nazirliyindən AZƏRTAC-ın bu ölkədəki bürosuna verilən məlumata görə, görüşdə tərəflər bu yaxınlarda keçirilmiş koreyalararası sammitin nəticələrini, Şimali Koreyanın nüvə-raket proqramlarının dayandırılması ilə bağlı bəyanatını yüksək qiymətləndiriblər.
Bununla yanaşı, qeyd ediblər ki, ABŞ və Şimali Koreya liderlərinin gözlənilən görüşü həmin proqramların tam, nəzarət olunan və dönməz şəkildə ləğvinə böyük təsir göstərə bilər. Buna nail olmaq üçün həmin ölkəyə maksimum təzyiqlər davam etdirilməlidir.
Görüşdə Şimali Koreyanın kəşfiyyat orqanları tərəfindən oğurlanmış yapon vətəndaşları mövzusuna da toxunulub və qeyd edilib ki, Baş nazir Şinzo Abenin ABŞ-a son səfəri zamanı Prezident Donald Tramp həmin məsələnin Şimali Koreya lideri ilə yüksək səviyyəli sammitin gündəliyinə daxil ediləcəyini vəd edib. ABŞ tərəfi bu məsələdə Yaponiya ilə sıx əməkdaşlığı davam etdirəcək.
Koreya yarımadasının nüvəsizləşdirilməsi məqsədilə ABŞ, Yaponiya və Cənubi Koreyanın əlbir fəaliyyətinin davam etdiriləcəyi də görüş zamanı xüsusi vurğulanıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio