REGİONLAR
Abşeron rayonunda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü silsilə tədbirlərlə qeyd edilib
Xırdalan, 2 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Xırdalan şəhərindəki Heydər Əliyev Parkında xalqımızın Zəfəri ilə başa çatan Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn igidlərimizin 80-ə yaxın övladı üçün bayram tədbiri təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Abşeron rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin parkda ucalan abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər, xatirəsini ehtiramla yad ediblər.
Parkda təşkil edilən “Şuşa uşaqların gözü ilə” adlı uşaq rəsmlərindən ibarət sərgiyə baxış keçirilib, şəhid övladları üçün əyləncəli proqram təqdim olunub.
Abdin Fərzəliyev şəhid ailələri və övladları ilə görüşüb, onların qayğıları, problemləri ilə maraqlanıb, xatirə şəkili çəkdirib.
Şəhid ailələri də öz növbələrində onlara böyük diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Daha sonra bayram tədbiri Abşeron Mədəniyyət Mərkəzində davam etdirilib. Rayon ərazisində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin hazırladığı rəngarəng bayram proqramı təqdim edilib.
Konsertdən sonra şəhid övladları Limuland Əyləncə Mərkəzinə yola düşüblər. Uşaqların günlərinin əyləncəli başa çatması üçün lazımi tədbirlər görülüb, onlara bayram hədiyyələri verilib.
* * *
Abşeron rayonunun Saray qəsəbəsində yerləşən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib.
Tədbirdə Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov, Abşeron rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Abşeron Rayon Təşkilatının sədri iştirak ediblər.
İştirakçılar əvvəlcə müəssisədə yaradılan şəraitlə tanış olub, müəssisənin istedadlı uşaqlarının hazırladıqları əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.
Sonra müəssisənin akt zalında bayram tədbirində Abşeron rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək bildirib ki, Azərbaycanda uşaqların müdafiə olunması, onlara diqqət və qayğının göstərilməsi istiqamətində böyük işlər görülüb.
O, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq hüquqlarının müdafiəsi, onların təhsili, asudə vaxtlarının təşkili uğurlu şəkildə həyata keçirilməkdədir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə respublikamızda neçə-neçə məktəbəqədər təhsil müəssisəsi, orta məktəblər, olimpiya kompleksi tikilərək gül balaların istifadəsinə verilib. Həmin işlər bu gün də davam etdirilməkdədir.
Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd olunmasının qərara alındığını bildirib, ölkəmizdə də bu tədbirlərin sevilərək keçirildiyini qeyd edib.
Daha sonra 2 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsinin kollektivi tərəfindən hazırlanan konsert proqramı təqdim olunub.
Müəssisənin bütün uşaqlarına bayram hədiyyələri verilib.