Abşeronda yeni yaşayış məntəqələri kabelləşdirilir
Bakı, 8 fevral (AZƏRTAC). Abşeron Telekommunikasiya Qovşağı Masazır qəsəbəsində yerləşən “Qurtuluş-93” yaşayış sahəsində “Gigabit tutumlu passiv optik şəbəkə” (GPON) pilot layihəsini davam etdirir.
Abşeron Telekommunikasiya Qovşağından AZƏRTAC-a verilən məlumata görə, yaşayış sahəsindəki 4 və 5 mərtəbəli on dörd bina üzrə 305 mənzilə fiber-optik liflərin qoşulması üçün fiber-optik paylayıcı qutuların və paylayıcı kanalların quraşdırılması işləri həyata keçirilmişdir.
Qəsəbə ərazisində yeni elektron ATS-in quraşdırılması üçün bina artıq tam hazır vəziyyətdədir. Fevralın sonunadək EATS avadanlığının Sloveniyanın “İSKRATEL” şirkətindən Bakıya göndərilməsi gözlənilir. Hazırda bu yeni yaşayış sahəsində GPON pilot layihəsi və yeni xətt şəbəkələri üçün telefon kabel-kanalizasiya qurğularının tikintisi davam edir.