REGİONLAR
ADAU-da “Azərbaycanda çayçılığın mövcud vəziyyəti və inkişaf istiqamətləri” mövzusunda onlayn elmi-praktik konfrans keçirilib
Gəncə, 12 iyun, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU), Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu (ETİ) və Xəzər Universiteti ilə birgə “Azərbaycanda çayçılığın mövcud vəziyyəti və inkişaf istiqamətləri” mövzusunda onlayn elmi-praktik konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransın məqsədi Prezident İlham Əliyevin 2018-ci il 12 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi vəziyyətinin müzakirəsi, sahənin inkişafı məqsədilə həyata keçirilən sistemli tədbirlərin qiymətləndirilməsi və elmi cəhətdən əsaslandırılmış təkliflərin verilməsindən ibarətdir.
Tədbirdə universitetin rektoru AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçiliyin, üzümçülüyün təşkili və monitorinqi şöbəsinin müdiri Tofiq Rzayev, Meyvəçilik və Çayçılıq ETİ-nin direktor müavini Vahid Əliyev, Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin “Bitkiçilik” şöbəsinin müdiri İlqar Həsənov, Xəzər Universiteti “Həyat elmləri” departamentinin dosenti Cavid Ocaqi və digər mütəxəssislər çıxış ediblər.
Məruzələr əsasən çayçılığa dövlət dəstəyinin prioritet istiqamətləri, dünyada və Azərbaycanda çayçılığın tarixi və inkişaf meyilləri, çayçılıq sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, çay istehsalı və emalı sahəsində innovativ texnologiyaların tətbiqi və digər məsələlər ətrafında aparılıb.