CƏMİYYƏT
ADB prezidenti: Afrikanın iqlim dəyişikliyinin qarşısını almaq üçün ildə 277 milyon dollara ehtiyacı var VİDEO
Bakı, 14 noyabr, AZƏRTAC
İqlim dəyişikliyi bütövlükdə dünya ölkələrinin iqtisadi inkişafı üçün risklər yaradan əsas amildir. Hesab edirəm ki, COP29-da iştirak edən bütün tərəflər iqlim dəyişikliyi probleminin aradan qaldırılması yolunda güclərini birləşdirməli, həssas qruplara daxil olan dövlətlərin iqlim maliyyəsi ilə təmin olunması üçün təsirli tədbirlər görməlidir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında COP29-un Mavi Zonada keçirilmiş “Transformativ İqlim Fəaliyyəti: Diqqəti maliyyə girişlərindən təsirə və MDB-lərin katalik təsirinə çevirmək” mövzusunda tədbirdən sonra Afrika İnkişaf Bankının (African Development Bank) prezidenti Akinvumi Ayodeji Adesina deyib.
“Afrika iqlim dəyişikliyinə görə ildə orta hesabla 75 milyon dollar maliyyə itkisinə məruz qalır. Ötən il bu rəqəm 50 milyon dollar təşkil edib. Afrikanın iqlim dəyişikliyinin qarşısını almaq üçün ildə 277 milyon dollara ehtiyacı var. Lakin biz hesab edirik ki, ümumilikdə 300 milyon dolların ayrılması məqsədəuyğundur. Ayrı-ayrı ölkələr iqlim dəyişikliyi probleminə səssiz qalmamalı, daha dayanıqlı maliyyənin təminatına çalışmalıdırlar. Məncə, dünya yeni kollektiv kəmiyyət hədəflərinə çatmanın yollarını daha fəal düşünməlidir”, - deyə bankın prezidenti vurğulayıb.
Dünya ölkələrindən müxtəlif səviyyəli nümayəndələrin Bakıda keçirilən COP29-a məhz ümumi məqsədlərin reallaşması üçün toplaşdığını diqqətə çatdıran Afrika İnkişaf Bankının prezidenti bildirib ki, həm Azərbaycan Prezidenti İlham Əliyevin açılış mərasimindəki nitqi, həm də COP29-un Prezidenti Muxtar Babayevin nitqi və baş danışıqçı Yalçın Rəfiyev tərəfindən həyata keçirilən işlər bu sammitin uğurlu olacağına inam yaradır.