ELM VƏ TƏHSİL
ADNSU-da “Dayanıqlı yaşıl gələcək üçün standartlar” mövzusunda II Beynəlxalq elmi-praktik simpozium keçirilib
Bakı, 14 oktyabr, AZƏRTAC
Oktyabrın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Yaşıl dünya naminə həmrəylik ili” və “Ümumdünya standartlar günü”nə həsr olunmuş “Dayanıqlı yaşıl gələcək üçün standartlar” mövzusunda II Beynəlxalq elmi-praktik simpozium işə başlayıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, “Cihaz mühəndisliyi” kafedrasının təşkilatçılığı ilə onlayn və oflayn formatda keçirilən simpoziumun açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin, həmçinin şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Simpoziumda çıxış edən ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov dünyada gedən iqlim dəyişiklikləri və yaşıl enerjiyə keçid fonunda Prezident İlham Əliyev tərəfindən ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin və COP29 kimi mötəbər tədbir ərəfəsində universitetdə belə bir beynəlxalq elmi simpoziumun keçirilməsinin önəmindən danışıb. ADNSU-nun son dövrlər dünya reytinq cədvəllərində qazandığı beynəlxalq elmi nailiyyətlərdən söz açan dosent Vazeh Əskərov, Azərbaycanda gənclərin dayanıqlı yaşıl gələcək üçün maarifləndirilməsi və yeni standartların tətbiqində gənclərin rolunu qeyd edib, bu istiqamətdə ali təhsil müəssisəsi olaraq bütün təşəbbüsləri dəstəklədiyini bildirib.
Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru İlham Bayramov və Azərbaycan Metrologiya İnstitutunun baş direktoru Xamis Seyranov iqlim dəyişikliyi ilə əlaqədar ölkəmizdə həyata keçirilən tədbirlərdən, yeni standartların tətbiqindən, yaşıl dünya konsepsiyalarında yeni yanaşmalardan, həmçinin müasir ölçmələrdə yaşıl texnologiyalar və digər mövzularda gənclərin rolundan danışıblar.
Konfransa onlayn qoşulan Türk Standartları İnstitutunun (TSE) Azərbaycan nümayəndəliyinin rəhbəri Gülhan Arzu Yüzereroğlu, Qazaxıstan Satbayev Universitetinin dekanı Darxan Erejep beynəlxalq simpoziumun müasir çağırışlara uyğun, o cümlədən cəmiyyət üçün vacib olan mövzunu əhatə etdiyini diqqətə çatdırıblar.
Sonda “Cihaz mühəndisliyi” kafedrasının müdiri, professor Lalə Bəkirova simpoziumun dünyada alternativ enerji ehtiyatlarının öyrənilməsi və tətbiqi sahəsində təcrübə mübadiləsində, elmi potensialın inkişafı və qarşılıqlı fikir mübadiləsinin aparılmasındakı rolundan danışıb.
Simpozium plenar sessiyalarla davam edib.