ELM VƏ TƏHSİL
ADNSU ilə Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Bakı, 22 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əməkdaşları - Rəqəmsal İnkişaf və İnnovasiya Mərkəzinin direktoru Elviz İsmayılov və xarici tərəfdaşlarla əməkdaşlıq üzrə mütəxəssis Çingiz Qarayev Türkiyənin aparıcı universitetləri ilə yeni əməkdaşlıq imkanlarını araşdırmaq üçün qardaş ölkədə ezamiyyətdə olublar.
ADNSU-dan AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Türkiyənin Ege Universiteti, Dokuz Eylül Universiteti, İzmir İqtisadiyyat Universiteti, İzmir Yüksək Texnologiya İnstitutu, Yaşar Universiteti, Eskişehir Osmanqazi Universiteti və Eskişehir Texniki Universitetinin təmsilçiləri ilə görüşlər keçirilib. Beynəlxalq Əlaqələr və Texnologiya Transferi ofislərinin rəhbərləri ilə keçirilən görüşlərdə əməkdaşlıq perspektivləri müzakirə edilib. Danışıqlar zamanı kadr və tələbə mobilliyi proqramları, birgə elmi-tədqiqat təşəbbüsləri, həmçinin yerli və beynəlxalq layihələrdə əməkdaşlıq imkanları barədə geniş fikir mübadiləsi aparılıb.