ELM VƏ TƏHSİL
ADPU-nun coğrafiyaçı müəllimləri Danimarkada keçirilən beynəlxalq həftədə iştirak ediblər







Bakı, 15 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi texnologiyası kafedrasının müəllimi Leyla Əliyeva və Fəlsəfə və sosial elmlər kafedrasının müəllimi Lalə Quliyeva Erasmus+ mübadilə proqramı çərçivəsində Danimarkanın Kopenhagen Universitet Kollecində (UCC) təşkil olunan beynəlxalq həftədə iştirak ediblər.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, “Potensialları və çətinlikləri tarazlayan rəqəmsal həyat” mövzusuna həsr olunmuş beynəlxalq həftədə müxtəlif ölkələrdən 100-dən çox akademik heyət üzvü iştirak edib. “Rəqəmsal bacarığı təhsilə necə inteqrasiya etmək olar?”, “Texnologiya ilə bütünləşmiş müasir dünyada təhsildə rəqəmsal savadlılığı və bacarıqları necə inkişaf etdiririk”, “Rəqəmsal alətlər və bacarıqlar”, “Məktəblərdə rəqəmsallaşdırma”, “Beynəlxalq əməkdaşlığın və biliyin texnologiyalar vasitəsilə gücləndirilməsi”, “Virtual əməkdaşlığın və tələbə mübadiləsinin asanlaşdırılması” və s. mövzularda təqdim edilən mühazirə, qrup işləri və debatlar böyük maraqla qarşılanıb.
Beynəlxalq həftə çərçivəsində ADPU-nun müəllimləri Leyla Əliyeva və Lalə Quliyeva coğrafiya fənni üzrə dərs müşahidələri aparıblar, dərsin quruluşu, istifadə olunan tapşırıqlar, tələbələrin hazırladıqları və əyani vəsaitlər ilə tanış olublar. UCC və ADPU coğrafiyaçıları arasında “Dayanıqlı inkişaf və urbanizasiya”, “Coğrafiyaya kurikulumun tətbiqi”, “Coğrafiya dərslərində çöl təcrübəsinin təşkili” mövzularında təcrübələrin öyrənilməsi və tətbiq olunması məsələləri müzakirə olunub.
Həmçinin səfər çərçivəsində ADPU nümayəndələri Gürcüstanın İliauni Universiteti və Türkiyənin Aydın Universitetinin nümayəndələri ilə görüşərək gələcəkdə əlaqələrin möhkəmləndirilməsi haqqında fikir mübadiləsi aparıblar. Eyni zamanda, Erasmus+ mübadilə proqramı çərçivəsində Kopenhagen Universitet Kollecində təhsil alan Pedaqoji Universitet tələbələri ilə görüş keçirilib.