ADPU-nun göstəriciləri sağlam rəqabət mühitində ildən-ilə yaxşılaşır
Bakı, 30 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və dissertanturaya, elmlər doktoru proqramı üzrə dissertanturaya qəbul olunmuş şəxslərlə görüş keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə rektor, professor Cəfər Cəfərov universitetdə yeniliklərin, islahatların, innovativ layihələrin uğurla həyata keçirilməsindən danışıb. Bildirib ki, bu islahatlar bütövlükdə ölkəmizdə gedən yeniləşmə, müasirləşmə prosesinin tərkib hissəsidir. Təhsil xalqın, millətin gələcəyi üçün həlledici əhəmiyyət kəsb edən sahədir. Bu sahədə insan resursları böyük rol oynayır. “Ölkə rəhbərliyi bizim qarşımıza mühüm vəzifələr qoyub. Bu vəzifələrin uğurla həyata keçirilməsində doktorantların və dissertantların qəbulu xüsusi əhəmiyyət kəsb edir. ADPU-nun göstəriciləri sağlam və ədalətli rəqabət mühiti şəraitində ildən-ilə yaxşılaşır. Əsas hədəfimiz ADPU-nun regionun ən güclü universitetlərindən birinə çevrilməsidir. Siz daim öz üzərinizdə ciddi işləməli, əzmlə çalışmalı, Azərbaycanın ümumi inkişaf prosesinə töhfələrinizi verməlisiniz”, - deyə rektor Cəfər Cəfərov bildirib.
Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və dissertanturaya, elmlər doktoru proqramı üzrə dissertanturaya qəbulun nəticələri barədə məlumat verib. Qeyd edib ki, 10 nəfər fəlsəfə doktoru proqramı üzrə doktoranturaya, 5 nəfər fəlsəfə doktoru proqramı üzrə, 1 nəfər isə elmlər doktoru proqramı üzrə dissertanturaya qəbul olunub.
Doktorant və dissertantlar çıxış edərək qəbul prosesinin düzgün, ədalətli və şəffaf keçirilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür ediblər.
Sonda vəsiqələr verilib.