ADPU-nun Şamaxı filialında təlim-seminar təşkil edilib



Bakı, 16 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Tədrisdə açıq elm və tədqiqat məlumatları üzrə seminarların təşkili" layihəsi çərçivəsində təlim-seminar təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın Dövlət Himninin səslənməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Tədbirdə filialın professor-müəllim heyəti və elmi tədqiqata maraq göstərən tələbələr iştirak ediblər.
ADPU-nun Şamaxı filialının direktoru dosent Tünzalə Yusifova qonaqları və bütün tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, Şamaxı filialını elmi-tədqiqat-innovasiya mərkəzinə çevirmək missiyasına uyğun olaraq bu kimi tədbirlərə ev sahibliyi etməkdən məmnunluq hissi keçiririk.
Layihənin rəhbəri, "Startap layihələrə sosial-iqtisadi dəstək" İctimai Birliyinin sədri Təranə Vəliyeva öz çıxışında layihənin məqsəd və vəzifələri, mövzunun aktuallığı, görüləcək işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb. Tədbir zamanı iştirakçılara açıq elmin mahiyyətindən, beynəlxalq miqyasda istifadə olunan platformaların müsbət tərəflərindən, resurslardan səmərəli istifadənin öyrənilməsinin onların gələcək fəaliyyətində öz sahələri üzrə uğur qazanmalarındakı rolundan bəhs edilib. İctimai Birliyin rəsmi nümayəndəsi Anar Vəliyev vurğulayıb ki, layihənin məqsədi elmi tədqiqatları, məlumatları, onların yayılmasını və elmi araşdırmaların nəticələrini cəmiyyətin bütün maraqlı tərəfləri üçün əlçatan olmasını təmin etməkdən ibarətdir.
Təlimçi qismində çıxış edən Ruslan Rəhimli akademik yazı qaydaları, beynəlxalq məlumat bazaları, müasir standartlar və modellər barədə geniş məlumat verib.
Təlim diskussiya şəraitində davam edib, iştirakçılar sertifikatla təltif olunublar.