ADR PARLAMENTİ ÜZVÜNÜN OĞLU ABŞ-DA 28 MAY-RESPUBLİKA GÜNÜNÜ QEYD EDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan mənşəli amerikalı Azərbaycan Cümhuriyyətinin üzvü olmuş ADR Parlamentində sosialist blokun təmsiçisi, millət vəkili Abbas bəy Atamalıbəyovun oğlu Qalib Atamalıbəyov 28 may-Respublika gününü sakini olduğu Klivlend şəhərində qeyd edir.
Azərbaycan Demokratik Respublikasının yaranma günündə atasının keçməkeşli həyatını bir daha xatırlayan Q.Atamalıbəyov Abbas Atamalıbəyova verilən 14 nömrəli vəsiqəni ailə arxivindən çıxararaq uşaqlarına və nəvələrinə 1918-ci ildə müstəqil Azərbaycanı quranlardan biri haqda danışır. Bayram ərəfəsində Qalib Atamalıbəyov AZƏRTAC-ın xüsusi müxbirinə öz xatirələrini danışmışdır:
-Atam Abbas bəy Atamalıbəyov 1895-ci ildə doğulmuşdur. Sankt-Peterburqda dəniz donanması mühəndisliyi ixtisası üzrə ali təhsil alarkən Rusiyada sosialist inqilabı baş verdi. O zaman, atam Sosial İnqilabçılar partiyasının üzvü idi. O, Qafqaza dönərək, Transqafqaz hökumətinin üzvü seçirlmişdir. Daha sonra, Azərbaycan müstəqillik əldə etdi və atam ilk Azərbaycan parlementinin üzvü seçildi.
Abbas bəy Atamalıbəyov 1919-cu ildə Xarici İşlər Naziri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi altında Paris Sülh Konfransında iştirak edən nümayəndə heyətinin üzvü olmuşdur. Heyətin digər üzvləri arasında Miryaqub Mirmehdiyev, Məmməd Məhərrəmov, Ceyhun Hacıbəyli və Əkbər ağa Şeyxülislamov da var idi. Yadımdadır, atam ABŞ Prezidenti Vudru Vilsonla görüşdüklərini danışardı. Onlar Konfransda Azərbaycan Demokratik Respublikasının de-fakto tanınmasına nail olmuşdular. Lakin, təssüflər olsun ki, Cenevrədə Millətlər Liqasında müstəqil Azərbaycanı de-yure tanımaq haqda tələbləri qəbul olunmamışdır. O vaxt artıq bolşeviklər ölkəyə daxil olmuş və nümayəndə heyəti daha heç bir şey edə bilməmişdi
Bundan sonra atamın həyatı asan olmamışdır. Təbii ki, o, mühəndislik təsilini dayandırmaq məcburiyyətində qalmışdır. Azərbaycana dönə bilməyən atam Parisdə qiymətli daşlar üzrə ekspert kimi işləməyə başlamışdır. Lakin, buna baxmayaraq, siyasi fəallığını davam etdirirdi. Topçubaşov, daha sonra isə Miryaqub Mirmehdiyev dünyasını dəyişdikdən sonra Abbas bəy, bir növ, Parisdə yaşayan azərbaycanlı mühacir koloniyasının başçısı qalmışdır. Xatırlayıram, ikinci dünya müharibəsi zamanı o, alman tərəfi ilə işləyərək əsir düşərgələrindəki azərbaycanlıları azad etməyə çalışırdı. Atam əvvəl inanırdı ki, Azərbaycan yenidən müstəqil olacaqdır. Lakin Sovet İttifaqı möhkəmləndikdən sonra, ümidini itirdi.
Mən böyüyüb kimyaçı-mühəndis oldum. İşimlə bağlı müxtəlif ölkələrdə yaşadım. 1947-ci ildə Çiliyə köçəndə valideynlərimi də yanıma gətirdim. Daha sonra biz, Birləşmiş Ştatlara gəldik. Beynəlmiləl ailəmiz var. Həyat yoldaşımla Serbiyada tanış olmuşam. Oğlum Misirdə, qızım isə ABŞ-da anadan olmuşdur. Lakin, biz Vətənimizin Azərbaycan olduğunu unutmuruq. Bir neçə il əvvəl Vaşinqtondakı Azərbaycan səfirliyinə müraciət edib Azərbaycanda olan qohumlarımı axtarmaq qərarına gəldim. Ana babam general İbrahim ağa Vəkilov idi. Onun nəvəsi, dayım qızı, pedaqoji elmlər doktoru Leyla Vəkilovanı tapdim. O, məni Azərbaycan dəvət etdi. Səfərim çox emosianal oldu. Vətəni görmək, təbii ki, mənim üçün böyük xoşbəxtlik idi. Bu yay yenə də Azərbaycana səfər etməyə çalışacağam.
######
