ELM VƏ TƏHSİL
ADU-da şəhid Elvin Bayramovun xatirəsi anılıb
Bakı, 26 oktyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin Almaniyaşünaslıq ixtisası üzrə məzunu Elvin Bayramovun şəhid olmasının ildönümü münasibətilə anım tədbiri keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, qonaqlar öncə universitetin giriş zalındakı guşədə şəhidlərimizin şəkilləri önünə gül dəstələri qoyublar.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Fakültənin dekanı professor İbrahim Kazımbəyli İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığından, 30 ildən artıq bir müddətdə işğal altında qalan torpaqlarımızın azad edilməsi ilə nəticələnən şanlı Qələbəmizdən, adıçəkilən fakültənin məzunu, şəhid Elvin Bayramovun ömür və döyüş yolundan danışıb.
Regionşünaslıq kafedrasının müdiri professor Sevdagül Əliyeva şəhid Elvin Bayramovun müəllimlərinin, tələbə yoldaşlarının və dostlarının onunla bağlı xatirələrindən ibarət qələmə alınmış kitab haqqında məlumat verib. O, bu kitabdakı xatirələrdən qısa nümunələr və şəkillərdən ibarət təqdimatı iştirakçıların diqqətinə çatdırıb.
Məzun şəhidin müəllimləri - Əli Mustafayev, Şəfəq Abdullayeva, Leyla Hacıyeva, Səbinə Muradova, Aygün Soltanzadə, Nigar Rəcəbova, Asif Abbasov, Emil Qasımov və fakültənin tyutoru Mehriban Qurbanova, qrup yoldaşları - Fatimə Şərifova, Elçin Əzizov, Asif Hümbətov və Vida Abbaszadə şəhid Elvin Bayramovun tələbəlik illərindəki fəaliyyətindən danışıb, onunla bağlı xatirələrini bölüşüblər.
Şəhidin atası İslam Bayramov tədbirin təşkilatçılarına və oğlunun xatirəsini yaşadıqları üçün ADU-nun və fakültənin rəhbərliyinə, müəllimlərə və tələbələrə təşəkkürünü bildirib.
Tədbirdə şəhid Elvin Bayramov haqqında “Uşaqlıq illəri”, “Əl işləri” adlı slaydlar nümayiş olunub.