İDMAN
AFFA inşa olunan stadionu kommersiya adının açıq sorğu üsulu ilə satacaqdır
Bakı, 3 aprel (AZƏRTAC). Beynəlxalq təcrübəni nəzərə alaraq AFFA balansında olan stadionlardan daha da səmərəli istifadə etmək məqsədilə Bakıdakı 8-ci kilometr qəsəbəsində inşa olunan 11 min azarkeş tutumuna malik təbii ot örtüklü arenanın kommersiya adının açıq sorğu üsulu ilə satılması qərarına gəlmişdir.
AFFA-dan AZƏRTAC-a bildirmişlər ki, stadionlardan səmərəli istifadə edərək kommersiya adının satışı futbolda böyük nailiyyətlər əldə etmiş ölkələrin təcrübəsində mövcuddur. Bu mənada Almaniyada “Alyans Arena”, “Kommerzbank Arena”, İngiltərədə “Emireyts Stedium”, “Ribök Stedium”, Türkiyədə “Türk Telekom Arena” və digər stadionları qeyd etmək olar.
Gələn ilin iyulunda istifadəyə veriləcək 8-ci km stadionundan Azərbaycan milli komandası, eləcə də müxtəlif yaş qruplarından ibarət yığmalar, Premyer Liqa komandaları, AFFA-nın bayrağı altında təşkil olunan liqalarda çıxış edən komandalar istifadə edəcək, stadionda təlim-məşq toplanışlarını və rəsmi oyunlarını keçirəcəklər. Bu mənada, stadionun kommersiya adını əldə edən şirkət böyük üstünlüklərə malik olacaqdır.