İDMAN
AFFA-nın intizam komitəsi Topaz Premyer Liqasının IX turunun oyunları ilə bağlı iclas keçirmişdir
Bakı, 17 oktyabr (AZƏRTAC). AFFA-nın intizam komitəsi ötən turun oyunları ilə bağlı iclas keçirmişdir.
AZƏRTAC xəbər verir ki, Topaz Premyer Liqasının IX turunda baş verənlərlə bağlı “Rəvan”-“Xəzər Lənkəran” matçında meydan sahiblərinin beş futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunmuşdur. “Qəbələ”-“Neftçi” matçının 76-cı dəqiqəsində yerli azarkeşlər tərəfindən meydançaya kənar əşya atılmışdır. Bunun üçün bölgə klubu 2000 manat cərimə ilə üzləşmişdir.
AZAL-ın “Simurq” ilə keçirdiyi görüşdə AZAL komandasının beş futbolçusu sarı vərəqə almışdır. Buna görə də paytaxt klubuna 1000 manat cərimə sanksiyası tətbiq olunmuşdur.
“Sumqayıt”-“İnter” matçının 66-cı dəqiqəsində meydan sahiblərinin hücumçusu Ruslan Qurbanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan qovulmuşdur. Bu səbəbdən futbolçu bir oyunluq cəzalanmış, “Sumqayıt” komandası isə buna görə 200 manat ödəməli olacaqdır.