İDMAN
AFİNADA XXVIII YAY OLİMPİYA OYUNLARININ BAĞLANIŞ MƏRASİMİ
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV MƏRASİMDƏ İŞTİRAK ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, mərasim başlanmazdan əvvəl Azərbaycan dövlətinin başçısı Yunanıstan Prezidenti Konstantinos Stefanopulosla, bu ölkənin Baş naziri Kostas Karamanlislə, Gürcüstan Prezidenti Mixail Saakaşvili ilə, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqqla, Avropa Olimpiya Komitəsinin prezidenti Mario Peskante ilə, “Afina-2004”-ün təşkilat komitəsinin sədri İoann Angelopulu-Daskalaki ilə görüşüb söhbət etmişdir.
Mərasimi seyr edənlərə Yunanıstanın milli mahnı və rəqslərinin ifa olunduğu səhnələşdirilmiş maraqlı tamaşa göstərilmişdir.
Olimpiadanın bağlanış mərasimində Afina yarışlarının sonuncu mükafatlar dəsti təqdim edilmişdir. Marafon yarışının iştirakçıları - birinci yeri tutmuş italiyalı Stefano Baldini, ikinci yeri tutmuş amerikalı Mebratom Keflezigi və fəxri kürsünün üçüncü pilləsinə qalxmış braziliyalı Vanderley Lima Afina Olimpiadasının sonuncu mükafatçıları olmuşlar.
Mərasimdə çıxış edən Beynəlxalq Olimpiya Komitəsinin sədri Jak Roqq Olimpiada sahiblərinin işini yüksək qiymətləndirmişdir. O, hazırlıq işlərində iştirak edənlərin hər birini təbrik etmişdir. Jak Roqq demişdir ki, hazırlıq dövründə Afinanı tez-tez tənqid etsələr də, mən Yunanıstanda Olimpiada təşkilatçılarının hər şeyi vaxtında görmək iqtidarında olduqlarına inamımı heç vaxt itirməmişdim. Mərasimin sonunda BOK-un prezidenti Yay Olimpiya oyunlarını bağlı elan etmişdir.
Mərasimdə bütün Olimpiya ənənələrinə, o cümlədən Olimpiya estafeti ənənəsinə riayət edilmişdir. Olimpiadanın bayrağı endirilmiş, onunla stadionda fəxri dövrə vurulmuş, sonra isə bayraq növbəti Yay Olimpiya oyunlarının keçiriləcəyi Pekin şəhərinin merinə təqdim olunmuşdur. Bundan sonra kiçik yaşlı yunan qız Afina Olimpiadasının məşəlini söndürmüşdür.
Afina stadionunda Olimpiada-2008-in paytaxtının nümayəndələri də tamaşa göstərmişlər. Bağlanış mərasimi üç saata qədər davam etmişdir.