DÜNYA
AFR-in səhiyyə naziri koronavirusun yeni mutasiyalarının yaranmasını istisna etmir

Bakı, 8 fevral, AZƏRTAC
Almaniyanın səhiyyə naziri Karl Lauterbax gələcəkdə koronavirusun yeni mutasiyalarının meydana gəlməsinin mümkünlüyünü istisna etmir.
AZƏRTAC xəbər verir ki, bu barədə nazir fevralın 8-də Stern nəşrində dərc olunmuş müsahibəsində bildirib. Onun sözlərinə görə, koronavirusun yeni mutasiyalarının meydana çıxması yoluxma hallarının hazırda müşahidə edilən yüksək səviyyəsi ilə bağlıdır.
“Hazırda virusun gələcək inkişafı üçün ən yaxşı şərait mövcuddur. İnfeksiyanın bu qədər çox miqdarında mutasiyanın əmələ gəlməməsi epidemioloji nəzər nöqtəsindən ağlasığmazdır”, - Karl Lauterbax müsahibəsində belə deyib. Nazirin fikrincə, bu səbəbdən pandemiya yaxın vaxtlarda qurtarmayacaq, onun “omikron” ştamı ilə başa çatması istisnadır: “Biz yalnız yeni mutasiyaların daha zərərsiz olacağına ümid edə bilərik”. Lauterbax, həmçinin ümidvar olduğunu bildirib ki, yay aylarında koronavirusla bağlı vəziyyət yaxşılaşacaq.
Almaniyada COVID-19 infeksiyasının “omikron” ştamı yanvar ayından dominantlıq etməyə başlayıb. Hazırda bəzi karantin tədbirləri qüvvədə olsa da, onlar pandemiyanın ilk üç dalğası zamanı tətbiq edilən məhdudiyyətlərə nisbətən xeyli yumşaqdır. Bu tədbirlər əsasən peyvənd olunmayan vətəndaşlara aiddir.
Almaniya hakimiyyəti üçüncü doza da daxil olmaqla, mümkün qədər çox insanın peyvənd edilməsinə çalışır. Kansler Olaf Şolts ölkədə məcburi vaksinasiyanın tərəfdarıdır.