Aftandil Otinaşvili: Prezident İlham Əliyevin ADA forumundakı fikirləri Azərbaycanla Gürcüstan arasındakı dostluğun yüksək səviyyəsini bir daha təsdiqlədi

Tbilisi, 14 aprel, AZƏRTAC
Gürcüstanın dövlət və hökumət başçılarının ilk xarici dövlət səfərlərini Azərbaycana etmələri ənənəvi hal alıb. Bu, əslində, ölkələrimiz arasındakı mehriban dostluq, qonşuluq və qardaşlıq münasibətlərinin yüksək göstəricisidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Gürcüstanın “Newsday.ge” portalının direktoru, siyasi şərhçi Aftandil Otinaşvili söyləyib.
Azərbaycan-Gürcüstan əlaqələrinin qədim tarixinin olduğunu deyən politoloq bildirib: “Gürcü xalqının da sevimli dostu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin və Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadzenin birgə səyləri nəticəsində müstəqilliyimizin bərpasından sonra münasibətlərimiz yeni müstəvidə daha da inkişaf etməyə başladı. Prezident İlham Əliyevin və Gürcüstan rəhbərliyinin məqsədyönlü siyasəti nəticəsində əlaqələrimiz bu gün də yüksək səviyyədədir və digər ölkələr üçün də nümunədir. Bu gün bizim ölkələrimiz strateji tərəfdaşlardır”.
Otinaşvili deyib ki, Prezident İlham Əliyev bu günlərdə Bakıda keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda xalqlarımız və ölkələrimiz arasındakı dostluğun yüksək səviyyədə olduğunu öz sözləri ilə bir daha təsdiqlədi. Təbii ki, onun bu siyasəti, söylədikləri tarixi fikirləri gürcü rəsmiləri və gürcü xalqı yüksək qiymətləndirir.
“Gürcü xalqı Azərbaycanın dəstəyini hər zaman hiss edib. Gürcüstanın ən çətin günlərində Azərbaycan bizə əsl dost və qardaş yardımı göstərib. Bu gün də biz bunu sözdə deyil, əməldə hiss edirik. Prezidentin forumda söylədiyi fikirlər bunu bir daha sübut edir.
Bütün bunları nəzərə alsaq deməliyik ki, Gürcüstanın Baş nazirinin ilk xarici səfərinin Azərbaycana etməsi təsadüfi deyildi. Gürcüstan Prezidenti Mixeil Kavelaşvili də ilk xarici səfərini Azərbaycana edəcək. Bu səfərlər bir daha sübut edir ki, Azərbaycan-Gürcüstan dostluğu, strateji tərəfdaşlığı sözdə deyil, əməldə də öz təsdiqini tapıb.
Ümid edirik ki, bu səfərlər bizim dostluğumuzu, strateji tərəfdaşlığımızı daha da inkişaf etdirəcək, möhkəmləndirəcək. Düşünürəm ki, Prezident Mixeil Kavelaşvili Azərbaycan ilə münasibətlərin daha da yüksəlməsi və möhkəmlənməsi istiqamətində mühüm addımlar atacaq”, - deyə politoloq vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi