SİYASƏT
Ağcabədi gəncləri onlara göstərilən etimadı doğruldurlar
Ağcabədi, 1 fevral (AZƏRTAC). Ağcabədi rayonunda Azərbaycan Gəncləri Günü təntənəli şəkildə qeyd edilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon gəncləri əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət etmiş, önünə çiçək dəstələri düzmüşlər.
Mədəniyyət evində davam edən tədbirdə gənclərin cəmiyyətdəki rolundan, rayonun ictimai-siyasi, mədəni həyatında, idmanda, təhsildə və digər sahələrdə qazandıqları uğurlardan söhbət açılmışdır. Çıxış edənlər dövlətimizin bununla bağlı siyasətindən razılıqlarını bildirmiş və gənclərin onlara göstərilən etimadı doğrultduqlarını vurğulamışlar. Gənclər isə Vətənimizin tərəqqisi və inkişafı naminə bundan sonra da səylərini əsirgəməyəcəklərini vəd etmişlər.
Rayonun ictimai həyatında, təhsildə və idmanda fərqlənən bir qrup gəncə fəxri fərman və hədiyyələr təqdim olunmuşdur.
Tədbir gənc istedadların hazırladıqları maraqlı konsert proqramı ilə davam etmişdir.