CƏMİYYƏT
Ağcabədi rayonunda qadınların bələdiyyə seçkilərində fəallığının artırılması məqsədilə tədbir təşkil edilib




Bakı, 27 yanvar, AZƏRTAC
“Bələdiyyə seçkilərində qadınların fəallığının yüksəldilməsi” mövzusunda növbəti tədbir Ağcabədi rayonunda keçirilib.
Bu barədə AZƏRTAC-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Komitənin Mərkəzi Seçki Komissiyası və “Bərabər İnkişaf Naminə” Koalisiyanın birgə əməkdaşlığı sayəsində keçirilən tədbiri Koalisiyanın Ağcabədi rayonu üzrə nümayəndəsi Nuridə Hacıyeva açaraq, Koalisiyanın fəaliyyəti haqqında məlumat verib, bir neçə gün sonra ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərində qadınları fəal iştirak etməyə çağırıb.
Daha sonra 85 saylı Füzuli-Ağcabədi Seçki Dairəsinin Dairə Seçki Komissiyasının baş məsləhətçisi Bəyoğlan Tağıyev qadınların ictimai-sosial həyatda fəallıq göstərmələrinin xüsusilə əhəmiyyətli olduğunu vurğulayıb. O bildirib ki, qadınların seçkilərdə fəallığı demokratik cəmiyyətin inkişafı üçün mühüm addımdır.
Sonda tədbir iştirakçıları fikir və təkliflərini səsləndiriblər.