SİYASƏT
Ağcabədidə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunmuşdur
Ağcabədi, 31 dekabr (AZƏRTAC). Ağcabədi Rayon Mədəniyyət Evində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edənlər iştirakçıları əlamətdar gün münasibətilə təbrik etmiş, dünya azərbaycanlılarının təşkilatlanması, soydaşlarımızın həmrəylik ideyası ətrafında birləşməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışmışlar. Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin xüsusi qərarı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilmişdir. O vaxtdan dünya azərbaycanlıları tərəfindən dekabrın 31-i Həmrəylik Günü kimi bayram edilir.
Çıxışlarda azərbaycançılıq ideologiyasının dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılmış, 31 dekabr gününün dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız və həmvətənlərimiz tərəfindən əziz bayram kimi qeyd edilməsi milli birliyimizin təntənəsi kimi qiymətləndirilmişdir.
Tədbir rayonun musiqi kollektivlərinin hazırladıqları rəngarəng konsert proqramı ilə davam etmişdir.