REGİONLAR
Ağcabədidə gənclərin inkişafı və karyerası üçün təlimlər keçirilib
Ağcabədi, 1 may, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyi, “MOCİ-Qafqaz platforması, “Resource Hub”ın birgə təşkilatçılığı ilə aprel ayında gənclərin inkişafı üçün oflayn və onlayn təlimlər həyata keçirilib.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, təlimin ilk günü “Zoom” plotfarması üzərindən beynəlxalq təlimçi, fasilitator, layihələr və tədbirlər üzrə mütəxəssis Şərqiyyə Məmmədzadə tərəfindən gənclər üçün “Layihə meneceri ol” adlı təlim həyata keçirilib. Təlim çərçivəsində gənclərə “Layihə nədir?”, “Layihə menecmenti”, “Layihənin 4 mərhələsi”, “Layihə problemlərin öhdəsindən gəlmək”, “Smart hədəflər”, “Layihənin vizyon və missiyası” və “SWOT analizi” mövzularında məlumat verilib.
Təlimin növbəti günü “Zoom” platforması üzərindən beynəlxalq təlimçi, fasilitator, layihələr və tədbirlər üzrə mütəxəssis Aynur Məmmədzadə gənclərə “Karyeraya ilk addım” adlı təlim keçib. Təlim müddətində CV yazılarkən diqqət edilməli məqamlar barədə gənclərə məlumat verilib.
Təlimin sonuncu günü Ağcabədi Heydər Əliyev Mərkəzində beynəlxalq təlimçi fasilitator, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis Ləman Zeynalova gənclərə “Media nədir?”, “Medianın növləri”, “Media savadlığı nədir?”, “Media müxtəlifliyi” və dezinformasiya haqqında məruzə edib.
Təlimin əsas məqsədi gənclərin inkişafı və karyerası üçün istiqamət göstərmək, asudə vaxtlarının səmərəli keçirilməsinə dəstək olmaqdır. Təlimlərdə ümumilikdə 92 gənc iştirak edib.