REGİONLAR
Ağcabədidə məntəqə seçki komissiyalarının 690 üzvü treninqlərə cəlb edilib VİDEO
Ağcabədi, 13 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC
Sentyabrın 1-də ölkəmizdə keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) maarifləndirmə proqramı çərçivəsində aşağı seçki komissiyalarının üzvləri üçün təşkil olunan treninqlər Ağcabədi rayonunda uğurla davam edir.
85 saylı Füzuli-Ağcabədi seçki dairəsi dairə seçki komissiyasının sədri İbrahim Həsənov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, treninqlər seçki dairəsi üzrə 366 aşağı seçki komissiyası üzvünü əhatə edir. Altı gün davam edəcək məşğələlər gün ərzində iki dəfə olmaqla, qruplar şəklində keçirilir. Məşğələləri Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən təşkil olunan “Trenerlər üçün treninq” kursunda iştirak etmiş Bəyoğlan Tağıyev və Allahverdi Heydərov aparırlar.
Treninq zamanı hər bir aşağı seçki komissiyası üzvünə həm təlimlərdə istifadə etmələri, həm də seçki günü prosedurları ilə yaxından tanış olmaları məqsədilə MSK-nın hazırladığı “Seçki günü üçün yaddaş” kitabçası, səsvermənin nəticələrinə dair protokol nümunəsi, habelə digər əyani və metodiki vəsaitlər verilir.
Aşağı seçki komissiyaları üzvləri üçün maarifləndirici treninqlər 86 saylı Ağcabədi seçki dairəsində də mütəşəkkil qaydada davam edir. Dairə seçki komissiyasının sədri Famil İsmayılovun bildirdiyinə görə, treninqlərə dairənin tərkibinə daxil olan 54 seçki məntəqəsindən 324 nəfər komissiya üzvü cəlb edilib. Təlimləri Mərkəzi Seçki Komissiyası tərəfindən təşkil edilən “Trenerlər üçün treninq” kursunun iştirakçıları Fərahim Xudiyev və İlham Qurbanov aparırlar.
Kiçik qruplar şəklində gün ərzində iki dəfə keçirilən treninq zamanı seçki günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, səsvermə prosesi, səslərin hesablanması, protokolun doldurulması və sair mövzularında təqdimatlar edilir, müzakirələr aparılır və meydana çıxan suallar cavablandırılır. 86 saylı seçki dairəsi üzrə treninqlər avqustun 16-da başa çatacaq.