SİYASƏT
Ağcabədidə prokurorluq işçilərinin peşə bayramı qeyd olunmuşdur
Ağcabədi, 1 oktyabr (AZƏRTAC). Ağcabədidə Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 95-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramı qeyd olunmuşdur.
AZƏRTAC xəbər verir ki, rayon prokurorluğunun işçiləri Ağcabədi şəhərinin mərkəzi meydanına gələrək ümummilli lider Heydər Əliyevin abidəsi önünə çiçək dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər. Burada keçirilən tədbirdə çıxış edənlər ölkəmizdə hüquqi dövlət quruculuğunda, insan hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlığa qarşı mübarizədə prokurorluq orqanlarının rolundan danışmışlar. Qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə prokurorluq işçilərinin peşə bayramının təsis olunması prokurorluq orqanlarına dövlət qayğısının parlaq təzahürüdür.
Tədbirdə müasir dövrdə prokurorluğun yerinə və roluna münasibət bildirilmişdir. Diqqətə çatdırılmışdır ki, dövlətimizin başçısı tərəfindən həyata keçirilən hüquq islahatları nəticəsində qanunçuluğu və insan azadlığını hərtərəfli təmin edən vətəndaş cəmiyyəti yaradılmışdır. Prokurorluq orqanları bu sahədə üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər.