SİYASƏT
AĞDAM RAYONUNUN ƏHMƏDAĞALI KƏNDİNDƏ VƏ ONUN ƏHATƏSİNDƏ YAŞAYAN BİR QRUP AMİP ÜZVÜ VƏ TƏƏSSÜBKEŞİNİN BƏYANATI
Biz bir qrup AMİP üzvü və təəssübkeşi qəbul etdiyimiz bu bəyanatla bildiririk ki, yuxarıda qeyd olunan partiyanın üzvü və təəssübkeşi olmağımıza baxmayaraq, respublika Prezidenti, xalqımızın sevimli oğlu möhtərəm cənab Heydər Əliyevin təqdimatına və qüvvədə olan mövcud qanunlara əsasən, 24 avqust 2002-ci il tarixdə referenduma çıxarılan Konstitusiyada dəyişikliklər və əlavələri ürəkdən bəyənir və alqışlayırıq.
Bütün bunları nəzərə alaraq, biz 24 avqust 2002-ci il tarixdə keçirilən ümumxalq referendumunda fəal iştirak edərək, səsverməyə çıxarılan məsələlərə yekdilliklə müsbət rəyimizi bildirmişik. Bu da ondan irəli gəlir ki, referendumda qəbul edilmiş dəyişikliklər və əlavələr Azərbaycan Respublikasının müstəqilliyinin daha da möhkəmlənməsinə, vətəndaşların hüquqlarının qorunmasına xidmət edir. Bu dəyişikliklərin qəbul olunmasını istəməyən AXCP, AMİP, ADP, Müsavat və bəzi üzdəniraq digər partiyalar yalnız öz mənafeləri naminə xalqı referendumu boykot etməyə çağırırdılar. Bu da ondan irəli gəlir ki, onlar öz çirkin əməllərini xalqın qanını sormaqla, dövlət müstəqilliyimizi itirməklə həyata keçirmək istəyirlər. Onlar buna cəhd etsələr də, xalqımız özünə doğru yol seçməklə referendumda öz layiqli sözünu dedi. Biz müxalifətin bu hərəkətlərindən qəzəblənir, müxalifət partiyalarına nifrətimizi bildirərək, AMİP-in üzvlüyündən və təəssübkeşliyindən imtina edir, Azərbaycan xalqının və dövlətinin təminatçısı olan Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olunmaq arzusundayıq.
Qəbul edilmiş bəyanatı öz imzalarımızla təsdiq etdik.
1. Abbasov Əli İldırım oğlu
2. Abbasov Zahir Adil oğlu
3. Əliyev Cümşüd Həmid oğlu
4. Şirinov Seymur Mikayıl oğlu
5. Hüseynov Mobil Sərxan oğlu
6. Qarayev Rafiq Saday oğlu