Ağdaşda Uşaq İncəsənət Festivalının ilk seçim turu başlayıb VİDEO







Ağdaş, 23 aprel, AZƏRTAC
Ağdaş rayonunda Uşaq İncəsənət Festivalının birinci seçim turunun başlanılması ilə bağlı tədbir keçirilib. Festival iştirakçılarının, həmçinin bölgədə yaşayan uşaq və gənclərin əyləncəli vaxt keçirmələri məqsədilə Ağdaş rayon Heydər Əliyev Mərkəzinin qarşısında həyata keçirilən tədbirdə bir-birindən maraqlı və rəngarəng guşələr yaradılıb, interaktiv proqramlar təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi tərəfindən Uşaq İncəsənət Festivalı çərçivəsində həyata keçirilən tədbirlər regionda yaşayan uşaq və gənclərdə mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərilməsi, bədii-estetik zövqlərinin tərbiyə olunması, yaradıcı düşünmək potensiallarının inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi şəhər və rayonlarda 24 nominasiya üzrə 6-17 yaş arası 1600-ə yaxın iştirakçı qeydiyyatdan keçib. Qeydiyyatdan keçən iştirakçılar aprelin 21-dən etibarən start verilən 1-ci seçim mərhələsində öz bacarıqlarını nümayiş etdirirlər.
Uşaq İncəsənət Festivalı Mədəniyyət Nazirliyinin, Elm və Təhsil Nazirliyinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.
Festivalın keçirilməsinin əsas məqsədi uşaqlarda mədəniyyətin müxtəlif sahələrinə maraq oyadılması, onların məktəbdənkənar vaxtlarının səmərəli keçirilməsi, yeni istedadların üzə çıxarılması, regionlarda incəsənət sahəsində çalışan işçilərin fəallığının təmin edilməsi, xüsusi bacarığa malik olan uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsidir.