ELM VƏ TƏHSİL
Agentlik sədri: Bir neçə ali məktəbdə ibtidai sinif müəllimliyi üzrə akkreditasiyanın iki aya yekunlaşacağı gözlənilir - MÜSAHİBƏ VİDEO
Mingəçevir, 29 noyabr, AZƏRTAC
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov ali təhsil müəssisələrinin akkreditasiyası, süni intellektin ali təhsilin keyfiyyətinə təsiri, ali təhsildə tədris metodikasının bu günün tələblərinə uyğunluğu barədə AZƏRTAC-ın suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik.
- Tural müəlim, növbəti akkreditasiyadan hansı ali təhsil müəssisələri keçiriləcək?
- Hazırkı təqvim ilində ilk dəfə olaraq ibtidai sinif müəllimliyi üzrə kadr hazırlığı aparan ali təhsil müəssisələrində akkreditasiyası yekunlaşmış üç universitetlə bağlı qərar verilib. Müzakirənin yekununda keçirilmiş səsvermənin nəticələrinə uyğun olaraq, Naxçıvan Müəllimlər İnstitutunun və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının institusional akkreditasiya nəticələri “qismən uyğundur” hesab edilərək növbəti 5 il müddətinə akkreditasiya edilməsi qərarı alınıb. Gəncə Dövlət Universiteti isə ibtidai sinif müəllimləri üzrə kadr hazırlığını həyata keçirən proqram akkreditasiyasına uyğun hesab edilməyib. Bu ali təhsil müəssisəsinin növbəti tədris ilində təkrar akkreditasiyadan keçirilməsi qərar alınıb.
Mingəçevir Dövlət Universitetində, ADPU-nun Şəki filialında, Ağcabədi filialında və Bakı Dövlət Universitetinin Qazax filialında ibtidai sinif müəllimliyi üzrə akkreditasiyanın nəticələrinin növbəti iki ayda yekunlaşacağı gözlənilir.
Bununla yanaşı, peşə təhsili müəssisələrinə münasibətdə də ilk dəfə institusional akkreditasiya həyata keçirilir. Qəbələ, İsmayıllı, Cəlilabad Dövlət Peşə Təhsil mərkəzləri və Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin akkreditasiyası həyata keçirilib və müvafiq hesabatlılıq aparılır.
Eyni zamanda, Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının 4-cü iclasında “2024-cü təqvim ilində ali təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi Qrafiki”nə uyğun olaraq 5 ali təhsil müəssisəsində yekunlaşmış institusional akkreditasiya qiymətləndirilməsinin nəticələrinin müzakirəsi aparılıb, müvafiq komissiyalar tərəfindən hazırlanmış yekun hesabatlar təqdim edilib. Müzakirənin yekununda keçirilmiş səsvermənin nəticələrinə uyğun olaraq, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Biznes Universiteti və Qərbi Kaspi Universitetinin institusional akkreditasiya nəticələri “əsasən uyğundur” hesab edilərək növbəti 5 il müddətinə akkreditasiya edilməsi qərarı alınıb. Gəncə Dövlət Universitetinin institusional akkreditasiya nəticəsi isə “qismən uyğundur” hesab edilərək qüvvədə olan akkreditasiya şəhadətnaməsinin müddətinin növbəti 2 il müddətinə uzadılması və sözügedən təhsil müəssisələrinin 1 ildən sonra təkrar akkreditasiya edilməsi qərara alınıb.
- Sizcə, süni intellekt ali təhsilin keyfiyyətinə necə təsir göstərir?
- Süni intellektin, ümumiyyətlə, cəmiyyətə necə təsir göstərəcəyi hər birimizi düşündürən önəmli elementlərdən biridir. Bunu hazırda müxtəlif ekspertlər istənilən sahələrdə müzakirə edirlər. Fikrimcə, vaxtilə düşündüyümüz “internet bizə necə təsir edəcək?” sualına geri qayıtsaq, süni intellektin də təbii ki, təhsildə tətbiqi ilə əlaqədar müsbət təcrübəni görmüş ola bilərik. Sadəcə, onu necə tətbiq edə biləcəyimizi sorğulamalıyıq, bu səriştəni əldə etməliyik. Çünki bu gün texnologiya kifayət qədər irəliləyib, sadəcə texnologiyanın məhz müsbət tərəflərinin aidiyyəti sahədə tətbiqi səriştəsi olmalıdır. Müxtəlif keyfiyyət təminatı platformalarında iştirak edirik və müxtəlif keyfiyyət təminatı agentliklərinin məhz süni intellektin akkreditasiya prosesində belə tətbiqi ilə əlaqədar ilkin addımlar atdığını görürük. Süni intellektin bizə verdiyi ən böyük üstünlük böyük dataların qısa zamanda müvafiq təhlil üçün hazırlanması, əl ilə görüləcək işlərin daha sürətli şəkildə yerinə yetirilməsi kontekstidir. Süni intellekt hər gün inkişaf edir. Ümid edirəm ki, cəmiyyətimizdə də bunun müsbət təsirlərini görmüş olacağıq.
- Necə düşünürsünüz, ali təhsildə tədris metodikası bu günün tələbləri ilə uyğunlaşa bilirmi?
- Fikrimcə, təhsil müəssisələri hər zaman məhz işəgötürənlərin gözləntilərinə cavab verilməsi zərurətini ortaya qoymalıdır. Elə hallar olur ki, işəgötürənlər kadrların mövcud bazarın tələblərinə uyğun səriştələrə cavab vermədiyini bildirirlər. Düşünürük ki, ali təhsil müəssisələrimiz məhz işəgötürənlərin gözləntilərinə cavab vermək üçün onların da iştirakı ilə yeni məzmun hazırlamalıdır, yaxud mövcud məzmuna müvafiq əlavə və dəyişikliklər etməlidir. TKTA olaraq ali təhsil müəssisələrimizə müxtəlif konsultativ dəstəyi göstərməyə çalışırıq. Təhsil çox dinamik bir sahədir. Müəllim hər gün öz üzərində işləməli, yeniliklərdən xəbərdar olmalıdır ki, auditoriyada ona verilən sualları ətraflı izah edən bilsin. Beləliklə, müəllim ona ünvanlanan sualla bağlı tələbələrini, yaxud şagirdlərini daha doğru yola yönləndirən bir şəxsiyyət olmalıdır.